AZ

30 yaşlı qadın burun əməliyyatından sonra komaya düşdü - Yoxlama başlanıldı

30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb.

"Unikal" xəbər verir ki, zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib.

"Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib", - zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb: "Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz".

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

Bu barədə AEM məlumat yayıb. 

"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Seçilən
2
1
unikal.az

10Mənbələr