Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universitet ilə bağlı yayılan kütləvi ixtisarlar həqiqəti əks etdirmir.
News365.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Dövlət Universitetindən məlumat verilib.
Qeyd edilib ki, bütün dəyişikliklər Azərbaycan Respublikasının "Əmək Məcəlləsi" qanunlarına uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb.
"Əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir. İdarəetmə və struktur müasir tələblərə uyğun yenilənmişdir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr yaradılmışdır. Aparılmış islahatların nəticəsi kimi professor - müəllim heyətinin mərhələli şəkildə (son 1 ildə 2 dəfə) maaşı ortalama 28%, inzibati heyətin ortalama 25%, tədris- köməkçi heyətin maaşı isə ortalama 20% artırılıb.
İslahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılmışdır. Bilik və bacarıqların qiymətləndirilməsi nəticəsində 83 SDU əməkdaşı vəzifədə irəli çəkilmiş, nəticədə onların əməkhaqları ortalama 20% artırılıb. Həmçinin yeni təyin edilən əməkdaşlar arasında Sumqayıt şəhərində yaşayanlara üstünlük verilib", - universitetdən vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar aparılması ilə bağlı məlumat yayılıb.