“Milan”ın portuqal hücumçusu Rafael Leao “rossoneri”nin keçmiş baş məşqçsi, həmvətəni Paulo Fonsekadan gileylənib.
Arena.az jurnalist Nikola Skiraya istinadən məlumat verir ki, Leao, Fonsekanın onu ardıcıl üç dəfə ehtiyat oyunçular skamyasında oturtduğu vəziyyətlə bağlı söhbət açıb:
“Düşünürəm ki, məni üç dəfə ehtiyatda oturtmasını ən azı izah etmək olardı. Ancaq məşqçilər bəzən belə edirlər. O, mənimlə birbaşa danışmayıb, yalnız mətbuat toplantıları vasitəsilə. Bu, “Milan”da ilk dəfə başıma gəldi”, deyə Leao vurğulayıb.
Xatırldaq ki, Paulo Fonseka 2024-cü ilin iyul ayından “Milan”ı çalışdırırdı. “Milan”ın portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı. 2024-cü ilin dekabr ayının sonunda portuqal mütəxəssis vəzifəsindən istefa verib.
Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 23 oyun keçirib, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 233 oyun, 64 qol, və 56 məhsuldar ötürmədən ibarətdir.
Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.
Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 37 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.
Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.