Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.
Bakupost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, Oleq Bakinski ilə birgə ittiham olunan Konstantin Antonoviç Kuçer İspaniyada qaçaqmalçılıqla təqsirli bilinərək beynəlxalq axtarışa verilib. O da qeyd olunub ki, həmin şəxs 2010-2011-ci illər ərzində Ukrayna müdafiə sənayə nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Oleq Bakinski ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfinfən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Oleq Bakinski ilə yanaşı Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.