Bakı, 11 mart, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Məktəbi (BBMM) yarandığı gündən bəri Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət daşıyan layihələrindən biri də artıq ənənəyə çevrilən və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm məktəbləridir. Bu, BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Nəzərə alsaq ki, ötən 10 il ərzində Azərbaycan multikulturalizmi fənni ölkəmizin 40-dan çox ali təhsil ocağında, dünyada isə 28 universitetdə tədris olunub, bu gün dünyada ölkəmizin yüzlərlə gənc dostunun olduğunu deyə bilərik. Onlar Beynəlxalq Multikulturalizm məktəblərində iştirak ediblər və Azərbaycandakı tolerant, multikultural mühitin şahidi olublar. Beynəlxalq Multikulturalizm Məktəbi müxtəlif ölkələrdən olan tələbələrə Azərbaycanın multikulturalizm modelini daha yaxından tanımaq və onu dünyada təbliğ etmək imkanı yaradan unikal platformadır. Bu proqram çərçivəsində iştirakçılar Azərbaycan cəmiyyətində multikultural dəyərlərin necə qorunduğunu və inkişaf etdirildiyini öyrənirlər. Bu məktəbin iştirakçıları öz ölkələrində multikulturalizmin təbliğatçıları kimi çıxış edərək, həm Azərbaycan modelini təqdim edir, həm də qlobal multikultural mühitin inkişafına töhfə verirlər. Onlar dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bir məqsəd - multikultural dəyərləri öyrənmək, təbliğ etmək və qlobal mədəni dialoqu gücləndirmək üçün bir araya gəlirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov söyləyib.
“Tolerantlıq, multikulturalizm anlayışı qlobal məsələdir. Çünki hazırda dinlər, cəmiyyətlər arasında bir sıra münaqişələr mövcuddur. Biz gələcək nəsil olaraq bu münaqişələrin qarşısını almaq üçün birgə fəaliyyət göstərməliyik. Bunun üçün də Beynəlxalq Multikulturalizm Məktəbi kimi tədbirlər çox gözəl imkanlar yaradır. Düşünürəm ki, kiçik işlərdən başlayıb dünyada gedən böyük proseslərə təsir edə, münaqişələrdən, müharibələrdən uzaq ola bilərik. Biz gələcək nəslin nümayəndələri olaraq multikultural dəyərlərin qorunması üçün əlimizdən gələni etməliyik”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Müxtəliflik və bərabərlik: İnklüziv gələcəyin qurulması” mövzusunda XVI Beynəlxalq Multikulturalizm Məktəbinin Braziliyadan olan iştirakçısı Ana Luizaya aid bu fikirlər bizim gördüyümüz işlərin uğurunun göstəricisidir. Əgər biz Azərbaycan multikulturalizmini öyrənən tələbələrdə bu fikiləri formalaşdıra bilmişiksə, demək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən 10 il ərzində gənclərlə iş istiqamətində mühüm addımlar ata bilib”, - deyə icraçı direktor diqqətə çatdırıb.
O bildirib ki, martın 3-dən 10-dək davam edən XVI Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən 25 tələbə iştirak edib və onlara Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yaşaması haqqında ətraflı məlumat verilib. Məktəb müddətində iştirakçılar üçün mühazirələr, seminarlar və “Azərbaycanda dini müxtəliflik və ənənəvi birgəyaşayış”, “Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktoru”, “Müxtəliflik və Konstitusiya - Azərbaycanda multikultural cəmiyyətin inkişafının aspektləri” mövzularında mühazirələr müzakirələr təşkil olunub.
“Bu mövzular Azərbaycanda multikulturalizm və dini müxtəliflik kontekstində çox vacib məsələləri əhatə edir. Mühazirələri dinləyən xarici tələbələr Azərbaycanda fərqli dinlərin və etnik qrupların tarixən sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, dini tolerantlıq ənənələri, dövlətin din siyasəti və multikulturalizm modeli haqqında ətraflı məlumat aldılar. Azərbaycan cəmiyyətinin formalaşmasında multikulturalizm faktorunun mühüm rolu, müxtəlif etnik və dini qrupların Azərbaycan cəmiyyətinin sosial və mədəni inkişafına verdiyi töhfələr, multikultural dəyərlər, birgəyaşayış prinsipləri və onların sosial inteqrasiyadakı önəmi haqda müzakirələr apardılar. Hüquqi çərçivəsində dövlətin multikulturalizm siyasəti və qanunvericiliyin müxtəlif etnik və dini qrupların hüquqlarının qorunması ilə bağlı verdiyi üstünlükləri öyrəndilər”, - deyə Rəvan Həsənov vurğulayıb.
Onun sözlərinə görə, məktəb çərçivəsində təşkil olunan “Öz xalqını təqdim et” musiqili axşamlarda iştirakçılar öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verirlər. Bu yanaşma, müxtəlif xalqlar arasında dialoqu gücləndirərək, etimad və qarşılıqlı hörmət mühitinin formalaşmasına kömək edir. Layihələr çərçivəsində iştirakçıların Azərbaycanın müxtəlif bölgələrinə səfərlərinin təşkil olunuması onların ölkənin zəngin tarixi, mədəni irsi və multikultural ənənələri ilə yaxından tanış olmalarına şərait yaradır.
“Məsələn, bu səfərlərdən biri Azərbaycanın etnik müxtəlifliyi ilə seçilən Quba və Qusar rayonlarında təşkil olundu. Burada İştirakçılar Quba Soyqırımı Memorial Kompleksi, Qırmızı qəsəbə, Dağ Yəhudiləri Muzeyi ilə tanış oldular, “Giləki” sinaqoqunu ziyarət etdilər. Şahdağ Qış-Yay Turizm Kompleksinə ekskursiya təşkil olundu. Quba və Qusara səfər iştirakçılara Azərbaycanın multikultural ənənələrini və dini-etnik müxtəlifliyini daha yaxından öyrənmək imkanı verdi, onlar multikultural dəyərlərin real həyatdakı təcəssümünü gördülər. Həmçinin Heydər məscidində, Rus Pravoslav Kilsəsində, Müqəddəs Məryəm Katolik kilsəsində, Tolerantlıq Evində oldular. Onlar ölkədə islam, xristianlıq və yəhudiliyin yanaşı sülh içində mövcud olduğunun, müxtəlif konfessiyaların nümayəndələrinin bir-biri ilə qarşılıqlı hörmət əsasında yaşadıqlarının şahidi oldular.
Məktəb iştirakçılarının xoş təəssüratlarına əsaslanaraq deyə bilərik ki, növbəti Beynəlxalq Multikulturalizm Məktəbini uğurla başa çatdırdıq. Beynəlxalq Multikulturalizm Məktəbi iştirakçıları Azərbaycanın multikulturalizm siyasətinin müxtəlif aspektlərini öyrəndilər. Tədbir boyunca təqdim edilən məruzələr, seminarlar və müzakirələr, Azərbaycanın etnik və dini müxtəliflik içində necə bir arada yaşadığını, bu dəyərlərin gündəlik həyatın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq etdi”, - deyə icraçı direktor əlavə edib.