AZ

1993-cü ildən başlanan yolun təqdimatı: Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildi

“Azərbaycanın sözü imzası qədər dəyərlidir, iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhz belə özünəgüvənli, müstəqil siyasət yürüdən və bunların fonunda ərazi bütövlüyünü, suverenliyini tam təmin edən ölkə olaraq görmək istəyirdi. Buna nail olmaq üçün möhkəm təməl yaratdı. Azərbaycanın hər bir vətəndaşı bugünümüzün reallıqlarına görə Ümummilli Lider Heydər Əliyevə borcludur. 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü xalqa, dövlətə xidmət nümunəsidir. Hakimiyyətinin 1969-82-ci illəri Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin o illərdə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soy-kökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Liderin bu istiqamətdə atdığı addımların uğurlu nəticələrini 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyyətə qayıdışından sonrakı mərhələdə daha aydın şəkildə gördük. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamışdır.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib. Nurlan Həsənov qeyd edib ki, vaxtilə arzu olunan hədəflər artıq reallıqdır: “Azərbaycana hansı sahədən baxsaq böyük uğurları və onlara yol açan zəngin təcrübəni görərik. Azərbaycan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. Azərbaycan, eyni zamanda, əməkdaşlıq məkanı kimi diqqətdə oldu. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. Xalqımız illərdir ürəyində gəzdirdiyi bu istəyə nail oldu. Belə ki, öz təbii sərvətlərinin əsl sahibinə çevrilən Azərbaycan xalqı əldə olunan gəlirlərin məhz insanların rifah halının yaxşılaşdırılmasına yönəldiyini gördü. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan vəsaitlər mühüm sosial-iqtisadi layihələrin icrasına yönəldilir ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafını təmin edir.”Millət vəkili Azərbaycanın hər bir uğurunun Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti Heydər Əliyev yolunun uğurlu davamını təmin etdi. Xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə səs verərək Heydər Əliyev siyasətinin davamını istədi. Son 20 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən Qarabağ münaqişəsinin həllini fəaliyyətinin əsas hədəfi kimi müəyyənləşdirdi, xalqın və dövlətin bütün potensialını bu məqsəd uğrunda səfərbər etdi. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli yol keçdi. Dövlətimizin başçısı ölkənin sürətli inkişaf məqsədlərini işğal edilmiş torpaqların azad olunmasının əsas meyarı kimi müəyyənləşdirdi. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlər böyük qələbəni şərtləndirdi və Azərbaycan 30 il davam edən ədalətsizliyə təkbaşına son qoydu. Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü, üç il sonra isə suverenliyimiz tam təmin olundu. Bu gün böyük qürur hissi ilə qalibiyyət rəmzi olan üçrəngli bağrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və bütün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasından danışırıq.”Nurlan Həsənov keçilən yolun təhlili əsasında diqqəti dövlət başçısı İlham Əliyevin 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamına yönəldib: “Artıq tarixi Zəfərimiz, suverenliyimizin təmin edilməsi yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdırması böyük qətiyyətin, səylərin nəticəsidir. Bu gün Azərbaycan yaratdığı reallıqlarla regionda böyük dəyişiklikərin, dünya siyasətində yeniliklərin təşəbbüskarıdır. Növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin ediməsinin bariz nümunəsidir. Atılan hər bir addım qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə söykənir. “Heydər Əliyev İli” çərçivəsində imzalanan Sərəncam bu yolun Azərbaycana qazandırdığı uğurların məcmusudur. Xalqımız Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşıdakı illərdə daha möhtəşəm uğurlara imza atmasını təmin etmək üçün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək bu dəstəklərini seçki prosesində fəal iştirakları ilə təsdiqləyəcəklər. 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri kimi tarixə yazılacaq.”

Seçilən
266
sesqazeti.az

1Mənbələr