AZ

DÜNYA ŞÖHRƏTLİ  VULKANOLOQ  ALİM

Azərbaycan  planetimizdə palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Belə ki, Yer kürəsində məlum olan 2500-ə yaxın palçıq vulkanından təxminən 350-i Azərbaycanda yerləşir və onlardan bəziləri unikal təbiət abidəsi  statusu adı almışdır. CNN Travel portalı tərəfindən 2017-ci ildə Azərbaycanın Abşeron yarımadasında yerləşən palçıq vulkanları dünyanın 50 təbiət möcüzələri sırasına daxil edilmişdir. Planetimizdə mövcud olan minlərlə füsunkar təbiət abidələri içərisində Vezuvi vulkanı, Arizona meteorit krateri, Kapadokya, Mamont mağaraları və b. daxil olan 50 təbiət möcüzələri sırasında bizim palçıq vulkanlarının da yer alması  çox fərəhli və sevindirici hadisə, həm də alimlərimizin qazandığı böyük nailiyyətdir. Əsrarəngiz gözəlliyə, nadir ekzotik quruluşa malik olan palçıq vulkanları bizim həm milli, həm də təbii sərvətimizdir. İndi qürur hissi ilə deyə bilərik ki, dünyada ilk dəfə palçıq vulkanlarını elmi cəhətdən araşdıran, tədqiq edən Azərbaycan alimləri olmuşdur. Bu unkial təbiət abidələrinin dünyada ilk atlasını hazırlayaraq çap etdirənlər də bizim alimlər idilər.  Bu nailiyyətlərin əldə olunmasında dünyaşöhrətli böyük alim, geologiya - mineralogiya elmləri doktoru, professor Adil Əliyevin əlahiddə xidmətləri olmuşdur. O haqlı olaraq elmimizin palçıq vulkanları üzrə patriarxı adlandırılir. Ölkəmizin neft-qaz yataqlarının tədqiqində və onların palçıq vulkanları ilə əlqəli olmasının müəyyən edilməsində də Adil müəllimin müstəsna xidmətləri vardır. Eyni zamanda, o, ölkəmizdə geologiya elminin ən parlaq təşkilatçılarından və təbliğatçılarından biridir. Adil müəllim bir çox gənc alimlərə və mütəxəssislərə örnək ola biləcək maraqlı və zəngin həyat yolu keçmişdir və o indi də fəal elmi yadadıcılığını davam etdirir.     “MƏN PALÇIQ VULKANLARINI SEYR EDƏNDƏ MƏNƏVİ RAHATLIQ TAPIRAM”   Adil Əliyev   Adil Abas Əli oğlu Əliyev  1930-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş və onu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirərək  neftçi-geoloq ixtisasını almışdır.    Qeyd etmək lazımdır ki, Ad.Əliyev hələ tələbə olarkən elmi-tədqiqat işlərinə böyük maraq göstərdiyinə görə 1950-ci ildə  Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul olunmuş və indiyədək orada çalışır. Ad.Əliyev tələbə və aspirant olan zaman çöl ekspedisiyası işlərində akademik Şəfayət Mehdiyevin rəhbərliyi altında fəal çalışmış və sonralar onun yaratdığı “Neft yataqlarının geokimyası” laboratoriyasının tədqiqatlarında fəal iştirak etmişdir.   Qeyd edək ki, Adil müəllimi bu böyük insanla, görkəmli alimlə bir çöx oxşar cəhət birləşdirirdi. Gənc tələbə də uzun çöl ekspedisiyaları zamanı hiss etdi ki, geologiya digər ixtisaslardan fərqli olaraq adicə peşə deyil - həyat tərzidir. Geologiya fədakarlıq, özünə inam, romantika tələb edən yüksək ruhlu insanların peşəsidir. Geoloq özünə, öz gücünə güvənməlidir. Onun daxilində bir növ harmoniya olmalıdır, çünki çox vaxt o  öz düşüncələri, xəyalları, istəkləri ilə tək başına qalmalı, düzgün qərar qəbul etməli olacaqdır. Geoloq üçün zəruri keyfiyyətlər diqqətlilik, ən incə nüansları belə görmək, gördüklərini təhlil etmək bacarığıdır. Axı, elə olur ki, sən getdiyin marşrutla ilk dəfə tədqiqat aparan elə özünsən. İşin keyfiyyətlə aparılmalıdır. Geoloq gördüklərini yaxşı təsvir etməyi bacarmalıdır.          O, 1954-cü ildə “Neft və qazin geologiyası” ixtisası üzrə aspiranturaya qəbul olmuş və 1958-ci ildə “Kiçik, Böyük Hərəmi və Mişovdağ silsilələri sahələrinin geoloji quruluşu və neft-qaz potensialının perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və bir ildən sonra ona baş elmi işçi adı verilmişdir. Onun dissertasiya işi Aşağı Kür neft-qaz rayonunun həmin illərdə qazma ilə əhatə olunmayan sahələrin tədqiqinə həsr edilmişdir. Maraqlıdır ki, sonralar həmin ərazidə zəngin neft-qaz yataqları - Kürovdağ, Mişovdağ, Qalmas və s. kəşf olunmuşdur.  Sonrakı illərdə “Bituminologiya və süxurların üzvi maddələri” (1969- 1970) və “Palçıq vulkanlarının geokimyası” (1972-1986) laboratoriyalarına rəhbərlik etmişdir.     1986-1990-cı illərdə Dəməşq şəhərində Suriya Neft Şirkətində baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləmişdir.  1992-ci ildə “Palçıq vulkanizminin geokimyası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildən isə Adil müəllim Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika) palçıq vulkanizmi şöbəsinin rəhbəridir.  O, böyük təcrübəsi olan, yüksək ixtisaslı neftçi - geoloq, geokimyaçı və vulkanoloq  alimdir. Elmi tədqiqatları neft və qazın geologiyası və geokimyası, palçıq vulkanizmi, karbohidrogen xammalının qeyri-ənənəvi (alternativ) ehtiyatları, və geologiya elminin tarixi sahələrini əhatə edir.  Göründüyü kimi, alimin elmi fəaliyyəti çoxsahəlidir, çünki hələ tələbəlik illərində Geologiya İnstitutunda işlədiyi dövrdə o, yay mövsümlərində təcrübəli, sonralar dünyaşöhrətli  geoloq-alimlərin, Viktor Xainin və Hətəm Şıxəlibəylinin rəhbərliyi altında Azərbaycanın müxtəlif ərazilərində aparılan çöl ekspedisiyalarında fəal iştirak etmiş və geologiya elminin təcrübi əsaslarını mənimsəməyə nail olmuşdur.  Sovet dövrünün ən romantik peşələrindən olan geologiyanın populyarlığının zirvəsi 1950-1960-cı illərə təsadüf edir. Müharibədən sonrakı onilliklərdə elmə təkcə uzun yolların romantikası ilə deyil, həm də alimin yüksək sosial nüfuzu və  seçilən bir nəsil gəldi. Bunların ön cərgəsində gedənlərdən biri də Adil müəllim idi. Universitetin IV kursunda oxuyarkən, Ad.Əliyev “Tərtər çayının yuxarılarının geoloji quruluşu”na həsr edilmiş işinə görə keçmiş SSRİ Ali Təhsil Nazirliyinin həvəsləndirici fərmanı ilə təltif olunmuşdur. 20 ildən artıq (1960-1983) müddətdə əsas elmi tədqiqatları ilə yanaşı, o, Azərbaycanda SSR ərazisinin geoloji öyrənilməsi üzrə komissiyasının elmi katibi olmuş və “SSRİ Geologiyası” çoxcildliyinin Azərbaycana aid 42-ci cildin hazırlanmasına böyük  əmək sərf etmişdir. Bu illər ərzində Azərbaycanın geoloji öyrənilmə tarixinin müxtəlif mərhələləri üzrə 10-dan çox kitab nəşr olunmuşdur. Adil müəllimin elmi fəaliyyətini səciyyələndirərkən, qeyd etmək lazımdır ki, keçən əsrin 60-cı illərində o, Azərbaycanın neftli-qazlı rayonlarının çökmə süxurlarındakı üzvi maddələrin geokimyəvi tədqiqi işi ilə məşğul olmuş, mezokaynozoyun kəsilişində neft-qazəmələgətirən çöküntüləri ayırmış və görülən işlərin nəticələri Xəzəryanı-Quba rayonunun (1963), Kür dağarası çökəkliyinin şərq hissəsinin (1965) çöküntülərinin geokimyasına həsr olunmuş monoqrafiyalarda öz əksini tapmışdır. Eyni zamanda, 1964-cü ildə Dehli şəhərində keçirilən Beynəxalq Geoloji Konqresinin XXII sessiyasında “Azərbaycanın çöküntü qatlarındakı üzvi maddələrin geokimyasının bəzi məsələləri” adlı məruzənin müştərək müəllifi olmuşdur.  Adil Əliyevin əsas elmi istiqaməti palçıq vukanizmi problemlərinin həllinə yönəldilmişdir. Hələ namizədlik disertasiyası üzərində işləyərkən o, 1957-ci ildə Hərəmi silsiləsi palçıq vulkanları haqqında elmi məqaləsini çap etdirmişdir. Sonralar bu istiqamətdə tədqiqatlarını genişləndirmiş və onların nəticələri “Küryanı neftli-qazlı vilayətlərin palçıq vulkanları” (1969) monoqrafiyasında şərh olunmuşdur. 1966-cı ildə Geologiya İnstitutunda Sovet İttifaqı miqyasında ilk dəfə “Palçıq vulkanizmi” laboratoriyası yaradılmışdır. Bu laboratoriyada görülmüş işlərin nəticələri 5 il sonra Almaniyada çap olunmuş “Azərbaycanın palçıq vulkanları atlası”nda öz əksini tapmışdır. Bu atlas ümumdünya geoloji ədəbiyyatında palçıq vulkanlarına aid bu tipli birinci nəşr idi.   1972-ci ildə Geologiya İnstitutunda palçıq vulkanizmi sektoru yarandıqdan sonra, görkəmli alim-vulkanoloq, akademik Əhəd Yaqubovun rəhbərliyi altında palçıq vulkanlarının geokimyası laboratoriyasında o süxur və flüidlərin geokimyəvi tərkibinin, xüsusilə, vulkanların püskürmə məhsullarının kompleks öyrənilməsilə məşğul olur. Bu işlər nəinki Azərbaycanın, hətta keçmiş SSRİ məkanında intişar tapmış palçıq vulkanlarının tədqiqinə yönəlmişdir. O illər SSRİ EA-nın qərarı ilə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutu “Palçıq vulkanizmi və faydalı qazıntı yataqlarının axtarışı” problemi üzrə baş təşkilat statusunda təsdiq edilmişdi. Bu illər ərzində palçıq vulkanizmi məsələlərinə aid bir çox vacib elmi - təcrübi nəticələr əldə edilmişdir. Ad.Əliyev palçıq vulkanlarının əmələgəlməsində və təzahüründə paleogen-miosen yaşlı süxurların rolunu, palçıq vulkanizmi ilə seysmikliliyin əlaqəsini təsdiq etmişdir. Onun tərəfindən palçıq vulkanlarının morfogenetik təsnifatı verilmiş, ilk dəfə olaraq iki genetik əlaqəli əsaslar: palçıq vulkanları və vulkan təzahürləri, həmçinin çoxlu miqdarda neft çıxaran vulkan və təzahürlər müəyyən edilmişdir. O “Sönmüş sualtı vulkanların axtarışı üsulunu” işləyib hazırlamış və Xəzərdə müvəffəqiyyətlə tətbiqinə nail olmuşdur. Həmçinin palçıq vulkanları yerləşən ərazilərdə böyük dərinlikdə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı məsələsini işləyib hazırlamışdır. Son illər palçıq vulkanlarının struktur mövqeyinin öyrənilməsi, kosmik şəkillər və aerofotomaterialların təsviri əsasında yeni qırılma strukturları və müxtəlif xarakterli mikrobloklar, yerüstü və gömülmüş vulkanlar aşkar edilmiş, palçıq vulkanlarının məkan və zamanca paylanmasının qanunauyğunluqları müəyyən olunmuş, palçıq vulkanlarının ümumiləşdirilmiş kataloqları yaradılmış, püskürmə məhsullarının izotop-geokimyəvi tədqiqatları əsasında mənşəyi aşkarlanmışdır.  Ad.Əliyev bir alim kimi nəinki Azərbaycanda, həmçinin onun sərhədləri kənarında da yaxşı tanınır. O, çoxsaylı beynəxalq elmi forumların (ABŞ, Almaniya, İtaliya, Fransa, Macarıstan, Türkiyə və s.) iştirakçısı və mühazirəçisi olmuş, neft-qaz yataqlarının geologiyası və geokimyası, həmçinin palçıq vulkanizmi sahələrində Azərbaycan geologiya elminin xarici ölkələrdə təbliğ etmişdir. 1992-ci ildən etibarən alim xarici neft şirkətləri və firmaları (“Britiş-Petrolium”, “Statoyl”, “Geokimya qrupu”, “Amoko”, “Eksson”, “AMOK” və s.) ilə müştərək elmi-tədqiqatlarda fəal iştirak etmiş və neft-qaz geologiyasının və palçıq vulkanizminin müxtəlif problemli məsələlərinin öyrənilməsi üzrə əsas icraçılardan biri olmuşdur. Ad.Əliyevin vulkan palçığının xüsusiyyətlərinin öyrənilməsində, palçıq vulkanları qoruğunun yaradılmasında -vulkanlara turist marşurutlarının təşkili məsələlərində də böyük xidməti olmuşdur. Hələ 80-ci illərdə müalicə məqsədilə ilk dəfə olaraq vulkan palçığının geokimyəvi xüsusiyyətləri tədqiq olunmuşdur. 1993-cü ildə o, palçıq vulkanları sahələrinin dağıdılması, əraziyə tullantıların atılması, yaxınlığında tikinti işlərinin qarşısının alınması, vulkan qoruğunun təşkili məsələlərini respublikada ilk dəfə qaldırmışdır. 2008-ci ildə “Azərbaycanın palçıq vulkanları” (bələdçi) kitabçasını (ingilis, rus və azərbaycan dillərində) nəşr etdirmişdir. Ümumiyyətlə, alim 400-ə yaxın elmi əsərin, o cümlədən 25 kitabın müəllifidir. Azərbaycanın neftli-qazlı rayonlarının palçıq vulkanlarının 1:500000 miqyaslı xəritəsinin həmmüəlliflərindən biridir ki, buna görə 1981-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülmüşdür. Adil Əliyevin geologiya elminin və bütövlükdə elmi biliyin populyarlaşdırıcısı kimi zəhmətini vurğulamaq vacibdir. 60 ildən artıqdır ki, o, elmi tədqiqatla yanaşı, eyni zamanda jurnalist fəaliyyəti ilə də məşğul olmuşdur. 70-80-ci illərdə Ad.Əliyev 16 il “Vışka” qəzetinin ştatdankənar müxbiri olmuşdur. Azərbaycanda, müxtəlif respublikalarda, xüsusən də Moskvada dərc olunmuş (“Природа”, “Вокруг света”, “Наука в СССР” və s.) 250-dən çox qəzet və jurnal məqaləsinin müəllifidir. Onun çoxsaylı müsahibələrini, radio və televiziyada çıxışlarını qeyd etmək lazımdır.   2000-2002-ci illərdə Adil Əliyev, “Amerika Neftçi Geoloqları Assosiasiyası”nın filialı olan “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin vitse- prezidenti və prezidenti olmuşdur. 2001 -ci ildə Azərbaycan Televiziyasının lentə aldığı 2 seriyalı elmi-kütləvi “Palçıq vulkanları” və “Vulkanla üz-üzə” filminin elmi məsləhətçisi (kinorejissor Nazim Rza) olmuşdur. Həmin ildə alim “BP” neft şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin palçıq vulkanları ərazisindən keçən istiqamətini müəyyən etmişdir. 2004-2007-ci illərdə palçıq vulkanları qoruğunun yaradılmasına dair sənədlərin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış “Əlaqələndirmə şurası”na sədrlik etmişdir. Professor Ad.Əliyevin “Dünya palçıq vulkanlarının atlası”nın tərtib olunmasında da əməyi böyük olmuşdur. Atlas 2015-ci ildə İtaliyada ayrıca olaraq rus, azərbaycan, ingilis dillərində böyük  tirajda nəşr olunub və palçıq vulkanizmi haqqında ən son məlumatları özündə əks etdirir. Adil müəllim öz elmi fəaliyyətində gənc kadrların, geoloq və geokimyaçı mütəxəssislərin hazırlanmasına da xüsusi fikir verir. Təkcə son 15 ildə onun rəhbərliyi altında 2 elmlər doktoru və 8 elmlər namizədi hazırlanmışdır. Alimin həyatında elmi-təşkilatçılıq və ictimai fəaliyyət də xüsusi yer tutur. 1978-1983-cü illərdə Geologiya İnstitutunun doktorluq müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın elmi katibi olmuşdur. O, beynəxalq elmi forumların, konfransların, müşavirələrin, simpoziumların təşkili və keçirilməsində yaxından kömək etmişdir. Məsələn, 1984-cü ildə Moskvada keçirilən Beynəxalq Geologiya Konqresinin 27-ci sessiyasında, 1986-cı ildə Bakıda keçirilən IV ikitərəfli (SSRİ-ADR) geoloji elmlərin tarixi üzrə simpoziumda respublika təşkilat komitəsinin elmi katibi olmuşdur. Uzun illərdir ki, Ad.Əliyev ”Geologiya İnstitutunun Əsərlər” jurnalının baş redaktor müavini, AMEA Geologiya İnstitutunun Elmi Şurasının üzvü, “Neft və qaz geologiyası və geokimyası” seksiyasının rəhbəri, “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” elmi seminarının sədri olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi o, 60 ildən artıqdır ki, geologiya elmini təbliğ edir.   Adil müəllimin  elmi fəaliyyətində Beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. O Rusiya, Ukrayna, Fransa alimləri ilə palçıq vulkanları ilə bağlı tədqiqatlar aparmışdır. Ötən əsrin 90-cı illərindən başlayaraq Ad.A.Əliyev AMEA Geologiya və Geofizika İnstitutunun alimləri ilə Böyük Britaniya, Norveç, ABŞ və digər neft şirkətləri  ilə, o cümlədən British Petroleum və Statoil (1992-1993), Geochemgroup (1994), AMOCO və Exxon (1998), British Petroleum (2001) kimi dünyanın nəhəng və aparıcı neft şirkətləri ilə birgə tədqiqatlar həyata keçirmişdir.  Prof. Ad.A.Əliyevin uzunmüddətli elmi, elmi-təşkilatı və ictimai fəaliyyəti mükafat və fəxri adlarla qiymətləndirilmişdir. Belə ki, 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına və 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Dövlət Mükafatı Laureatı, 2013-cü ildə Azərbaycan Respublikası “Avropa nəşr mətbuat evi”nin qızıl medalı ilə təltif edilmişdir. 2018-ci ildə AMEA Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi ilə əlaqədar “Şöhrət” ordeni ilə təltif olunmuşdur. “Vışka” qəzeti ilə yaradıcılıq əməkdaşlığının 50 illiyi ilə əlaqədar olaraq o, 2021 -ci ildə redaksiya heyətinin “Brilyant partnyoru” fəxri statusuna layiq görülmüşdür.         Bu yaxınlarda  Adil müəllim rəhbərlik etdiyi şöbənin əməkdaşları Orxan Abbasov və Elnur Baloğlanovla  birlikdə  palçıq vulkanları qazlarının mənşəyinə həsr etdikləri elmi məqalə Amerikanın “Geologiya” jurnalında  çap olunmuşdur. ABŞ Geoloqlar Cəmiyyətinin nüfuzlu “Geologiya” jurnalı uzun illərdir ki, “Web of Sciences” bazasında indeksləşən gelogiya istiqamətli jurnallar arasında birinci yerdə qərarlaşır.         Hər bir  kamil insanın həyatının məqsədi, qayəsi bütün qabiliyyətini hərtərəfli inkişaf etdirmək, tarixə, cəmiyyətin tərəqqisinə, mədəniyyətinə, həyatının mənasına şəxsi töhfə verməkdir.       Ailmin əsas xüsusiyyətləri  tədqiqat obyektinə Maraq, Fəallıq, Təşəbbüskarlıq, Xırda hesab olunan şeylərə də diqqət, Səbəb-nəticə əlaqələrini anlamaq, Fədakarlıq, Sual vermək və cavabları düzgün şərh etmək qabiliyyəti, Ünsiyyət qurmaq və Sosial əlaqələri qorumaq bacarığıdır.              Ad.Əliyevin gördüyü işləri nəzərdən keçirəndə adam heyrətlənməyə bilmir; 400-ə qədər elmi əsər və 25 kitab yazmaq, uzun illər Azərbaycanda geologiya elminin tarixi ilə məşğul olmaq, keçmiş SSRİ-nin və Azərbaycanın ən sanballı qəzet və jurnallarında 250-dən çox yazı çap etdirmək, radio-televiziya verlişlərində tez-tez təbiət, yeraltı sərvətlər və palçıq vulkanları ilə bağlı verilişlərdə işrirak etmək, Azərbaycanın bir sıra palçıq vulkanlarının Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri kimi qəbul olunmasına nail olmaq, palçıq vulkanları barədə 2 seriyalı filmin çəkilməsinin əsas təşəbbüskarlarından və müəllifi olmaq və s...  Qeyd olunanlardan bəlli olur ki, Ad.Əliyev böyük iş qabiliyyəti, güclü iradəsi, nəhəng yaradıcılıq əzmi olan insandır. O, elmi  təfəkkürün gücünə inanan, yalnız xəyalında tutduğu ilə kifayətlənməyən, həm də cəsarətlə irəliyə hərəkət edə bilən prinsipial optimistlərdəndir.  Adil Abas Əli oğlu Əliyev hələ gənc yaşlarında həyatını böyük elmlə bağlamış və həmin  bağlılıq bu gün də  şərəflə davam edir. Düşünürük ki, o böyük alim adını istedadı, zəhmətkeşliyi, dözümlülüyü, əzmkarlığı və prinsipallığı sayəsində qazanmışdır.   Bu gün o, Azərbaycan geologiya elminin gələcək inkişafı naminə daha böyük uğurlara imza atmaq üçün güc, enerji və həvəslə doludur.     Sonda Adil müəllimə məşhur Amerika yazıçısı və filosofu Jözef Merfinin sözləri ilə arzularımızı bildiririk:                                                     “İnsanda səbir, xeyirxahlıq, sevgi, kiməsə yardım etməyə hazır olmaq, sevinc, xoşbəxtlik, müdriklik və anlaşma hissləri heç zaman köhnəlməyən keyfiyyətlərdir. Kim öz həyatı boyu onları daha da təkmilləşdirirsə və  nümayiş etdirirsə o, ruhən  və cismən gənc olaraq qalacaqdır.   -Çox yaş həyatın qürub çağı deyil, hikmətin çiçəklənmə dövrüdür.   -Öz illərinizə hörmətlə yanaşın. Çünki onlar həyatınızın sonsuz yolunda sizi daha yüksəklərə  qalxmağa sövq edir. - Tanrı Sizə həyat verdi. Həyat daim yeniləşəndir; əbədidir, sarsılmazdır və dünyamızın gerçəkliyidir. Siz həmişə və əbədi yaşayırsınız, çünki həyatınız sevdiyiniz Tanrının öhtəsindədir.   -Ahıl insanın  yaşı ilahi həqiqətləri ən yüksək  səviyyədə dərk etməyin dövrü kimi müəyyən edilə bilər. Yaşlılığın sevinci gəncliyin sevincindən çoxdur. Həm də zehni prosesdə mənəvi rəqabət və qələbə ruhu da iştirak edir. Təbiət hər kəsə fiziki  inkişafdan daha çox mənəvi inkişafa üstünlük verir. Ruh İlahi gerçəkliklə müzakirəyə girmək azadlığına malikdir.   -Sizin yaşınız fikirlərinizdə və düşüncələrinizdə olduğu kimidir. Siz gəncsiniz, güclüsünüz və faydalısınız – təbii ki, əgər sizin düşüncəniz belə qəbul edirsə.     -Həmişə irəli, həmişə gələcəyə baxın, çünki Həyat sonsuzdur.  -Cəmiyyətin əsiri yox, yaradıcısı olun. Qoy sizin istedadınız və bacarığınız daim parlasın.   -Siz cəmiyyətə lazımsınız. Bir çox filosoflar, şairlər, rəssamlar, alimlər və başqa görkəmli insanlar ən yüksək nailiyyətlərini 80 yaşından sonra əldə ediblər.   -Yaşlılığın meyvələri sevgi, sevinc, sülh, səbir, həlimlik, yaxşılıq, iman, dözüm və insafdır.  -Siz bitib-tükənməyən sonsuz bir həyatın oğlusunuz. Siz əbədiyyət övladısınız. Siz özünüz bu yaranışın möcüzəsisiniz.”       Ağamahmud Səmədov   “Yer və insan” jurnalının redaktoru  

Seçilən
237
adalet.az

1Mənbələr