“Ermənistanda revanşizm hələ də qüvvədə və fəaliyyətdədir. Onlar bu gün də siyasi proseslərə havadarlarının köməyi ilə təsir edə bilirlər”.
Bu sözləri Yenisabah.az-la söhbətində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Müsahibimiz Ermənistanın silahlandırılması ilə bağlı Azərbaycanın atacağı preventiv tədbirlərdən söz açıb.
Ş Ramaldanovun sözlərinə görə, bu gün Ermənistan silahlanmağa davam edir:
“Əgər biz nisbi gücü götürsək, görərik ki, Ermənistanın Azərbaycana çatmaq üçün iqtisadi, hərbi, siyasi və potensial gücü yoxdur. Hazırda hələ də özünə gələ bilməyən Ermənistanın bu qədər silahı ala bilməsi sual işarəsi altındadır. Deməli, burada maraqlı qüvvələr var ki, onlar Ermənistanı silahlandırırlar. Bunlar Qərbdən, Fransadan, Hindistandan və erməni diasporu tərəfindən həyata keçirilən addımlar ola bilər. Görünən isə odur ki, bu gün Ermənistanın silahlandırılma məsələsi intensivləşib”.
Onun fikrincə, Ermənistanın silahlandırılması nəinki Azərbaycan, eləcə də regionda sabitliyin pozulması üçün istifadə oluna biləcək bir vasitədir:
“Əgər Ermənistanı silahlandırırlarsa, əlbəttə ki, bu, müəyyən bir məqsəd daşıyır. Bu məqsəd də bu gün geosiyasi proseslərin gedişində, eləcə də legionun logistik imkanlarının əhəmiyyətində böyük qüvvələrin toqquşmasıdır. Cənubi Qafqazda stabilliyi pozmaq və prosesləri əngəlləmək üçün hansısa təxribatlar lazımdır ki, bunlar da Azərbaycan istiqamətində ola bilər”.
Müsahibimiz əmin edib ki, hələlik Ermənistana gətirilən silahlar o qədər də təsirli və güclü deyil:
“Belə silahlar olmadığından hələlik “qırmızı xətt”imizi keçməyib. Ermənistanın Hindistanla 600 milyonluq silah sövdələşməsinin olması bu gün Azərbaycan diplomatiyasının bu məsələdəki addımlarının daha da intensivləşməsinə gətirib çıxarıb. Azərbaycan artıq Hindistan səfiri ilə bununla bağlı müəyyən söhbətləşmələr aparıb və hərəkətə keçib. BMT Qanunvericiliyinə görə, əgər bir ölkənin təhlükəsizliyinə zərər vuracaq silah-sursat digər ölkəyə gətirilirsə, o zaman onun məhv edilməsi və legitim hədəf sayılması qanuniləşir. Lakin hələlik Ermənistana belə silahlar gəlməyib”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız