AZ

ANA qədri bilməyənlərin özlərini "ana müxalifət" adlandırması PARADOKSU: Qaragüruha SƏRT SİLLƏ

"Elə bir adam yoxdur ki, İlham Əliyevdən yaxşı prezident olsun". Bu fikirlər Azərbaycanın xalq artisti Rasim Balayevə məxsusdur. Onun titullarını saymaq və ya Balayevin bu fikirləri niyə səsləndirdiyini araşdırmaq niyyətində deyiləm. Çünki Rasim Balayev yaratdığı obrazlarla həqiqətən də xalqın artistidir və onun dediyi fikirlər "boğazdan yuxarı" sayıla bilməz. Həqiqətən də İlham Əliyev elə bir siyasətçidir ki, onu əvəzləyəcək başqa lider yoxdur, yetişməsi üçün isə ən azı bir əsr vaxt lazımdır. Səbəbləri saymaqla bitməz. Ancaq ən əsası İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, 200 illik erməni işğalına son qoyan, Azərbaycanı regionun ən güclü dövlətinə çevirən, müstəqil xarici siyasət yürüdən bir liderdir. Bütün bu sadalanan keyfiyyətləri indiyədək Azərbaycanda heç bir siyasətçi özündə cəmləməyi bacarmayıb. İlham Əliyev həm də müasir Azərbaycanın qurucusu, ölkəni parçalanmaqdan xilas edən dahi öndər Heydər Əliyevin oğludur. Hansı ki, Heydər Əliyevin adı gələndə dünya liderlərinin ayağa qalxdığını və ehtiram göstərdiyini hər birimiz əyani görmüşük. Rasim Balayev isə saçlarını boş yerə ağartmayıb. Necə deyərlər, dövranın gəlişindən və gedişindən xəbəri olan şəxsdir. Üstəlik, 75 yaşlı aktyor Azərbaycana rəhbərlik edən neçə-neçə prezidentlər görüb, onların fəaliyyətini analiz etmək imkanları olub. Məhz buna görə də, Balayev Azərbaycanda İlham Əliyevdən yaxşı Prezident olacaq bir şəxsi görmədiyini deyir. Əslində, bu, təkcə Rasim Balayevin yox, həm də Azərbaycan xalqının, dünyada yaşayan bütün azərbaycanlıların, əsl vətən sevdalılarının fikiridir. 

Qaragüruh isə yenə də "iş başında"dır. Xaricdə oturub qrantlarla dolanan, ölkəyə heç bir fayda verməyən, erməni lobbisinin pulunu yeyib Azərbaycana qarşı məkrli planlar quran şəxslərlə əlbir olan vətən xainləri dövlət idarəçiliyini asan məsələ hesab edirlər. Necə deyərlər, "ağızları isti yerdədir"... Onlar üçün ətraflarına 5-10 nəfər yığmaq və heç bir analiz aparmadan yalnız ittiham etmək çox asandır. Çünki Qərbi Avropanın ən gözəl ölkələrində komfortlu həyat yaşayırlar və düşmən puluna vətənlərini satırlar. Ancaq dövləti və 10 milyonluq bir xalqı idarə etmək tamam fərqli və olduqca çətin bir prosesdir. Üstəlik, xarici güclərin, regionda marağı olan dövlətlərin öhdəsindən gəlmək, balanslı siyasət həyata keçirmək yalnız və yalnız Əliyev kimi dahi siyasətçilərin işidir. Bunu kol dibində gizlənən, arada yuvasından başını çıxarıb "ağa"larının verdiyi təlimat əsasında ittiham səsləndirən, əslində isə arxalarından xəbəri olmayan "vətənşüvən"lər anlaya bilməzlər.

Özgə hesabına yaşamağa adət edən bu cür parazitlər hakimiyyət sevdasına düşməkdən də çəkinmirlər. Hərçənd onların tör-töküntülərinin vaxtilə hakimiyyətdə olarkən Azərbaycanı hansı vəziyyətə saldıqlarını hər birimiz görmüşük. Ölkəni parçalamağa çalışan, "kreslo" uğrunda bir-birini məhv etməyə hazır olan bu şəxslərin indi xaricə qaçaraq "Haqq-ədalət"dən dəm vurmaları kənardan sadəcə gülünc görünür. Çünki Azərbaycan xalqı "ağı qaradan seçməyi" yaxşı bacarır. Üstəlik, biz kimin-kim olduğunu yaxşı bilirik. Odur ki, özünü "ana müxalifət" adlandıran qaragüruhun boş və mənasız ittihamları heç bir işə yaramır. Necə deyərlər, "milçək bir şey olmasa da, ürək bulandırır". Öz ana-bacılarını, qohum-əqrabalarını burada ataraq xaricə sığınan və özgə pulu ilə kef çəkən, üstəlik, "Ana Vətən"i satan varlıqların özlərini "ana müxalifət" adlandırması isə sadəcə ikrah doğurur. Hakimiyyət və idarəçilik sizə görə bir iş deyil, "cənablar"! Bunun üçün xarizma, siyasi bacarıq, uzaqgörənlik, qətiyyət və əsl-nəcabət lazımdır. Hansı ki, Azərbaycan lideri İlham Əliyev bütün bu cizgiləri özündə birləşdirir. Onun siyasi xarizması isə bütün dünya tərəfindən qəbul edilir.

Müşviq Tofiqoğlu

Seçilən
131
mediapost.az

1Mənbələr