AZ

Bakı Metrosundakı qatarlarda yazılan “Mıtişi” nədir?

Metro mənim gündəlik qayğılarımdan biridir. Basabas, 15 dəqiqəyə gedə biləcəyim yolu bu basabasın sayəsində bəzən 1 saata getdiyim, xalqımızı daha çox bu basabaslarda tanıdığım nəqliyyat vasitəsi.Açıq desəm, bezmişəm, amma üç gün metroya minməyəndə darıxmağa başlayıram. Çox vaxt eyni adamlarla eyni vaxtda qarşılaşırıq. Onlara özlüyümdə metro yoldaşlarım deyirəm.Mən simvollara ilişib qalan adam olduğum üçün uzun müddətdir vaqonun başında “Мытищи” yazısına ilişib qalmışam. Nədir bu Mıtişi? Kimdir bu Mıtişi? Bəlkə hər gün mindiyimiz bu vaqonları yaradan odur?Elə basabasdaca telefonu açıb axtarmağa başladım. İlk çıxan yazıda Mıtişçinin şəhər olduğunu bildim. Mıtişi Moskva vilayətinin ən dinamik inkişaf edən rayonlarından biridir, sənayesi maşınqayırma və metal emalı, cihazqayırma, tikinti və bitirmə materiallarının istehsalı, yüngül və yeyinti sənayesi və s. kimi iqtisadi əhəmiyyətli sahələrlə təmsil olunur. Rayonda 4500-dən çox müxtəlif formalı sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlardan 30-dan çoxu iri və orta sənaye müəssisələridir.Bunlar şəhərin ümumi məlumatlarıdır. Amma şəhərlə bağlı qarşıma çıxan nəhəng Samovar abidəsi məni təəccübləndirdi. Deyirəm axı, nəsə bir doğmalıq olmalıdır bu şəhərlə. Vasili Perovun "Moskva yaxınlığındakı Mıtışidə çay süfrəsi" rəsm əsəri də haqlı olaraq Moskva vilayətinin incisi adlandırıla bilən şəhərin simvollarından biri imiş. Sən demə, burada Kamil Bayramovun rəhbərlik etdiyi Mıtişi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti də mövcuddur.İosif Stalinin Mıtişidə "Lipki-Alekseevskoye" malikanəsi var imiş Bu malikanə 19-cu əsrdə inşa edilib. İosif Stalin bu malikanədə 1932-1934-cü illərdə yaşayıb. Sonralar isə obyekt dövlət daçası kimi istifadə olunmağa başlanıb, 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib. 2023-cü ildə isə 403,5 milyon rubla şirkətlərin birinə satılıb.Qarşıma çıxan kriminal xəbərlərdən anladım ki, bu şəhərin başı o qədər də dinc deyil. Azərbaycanlı bir iş adamının (ki, ona “pomidor kralı” deyirmişlər) adı rüşvət qalmaqalında hallanıb. Nə isə, bunun üstündən keçirəm, başım ağrımasın.Xülasə, bu qatarlar Mıtişidən gətirilirmiş. Rayon ilk dəfə 1460-cı ildə Mıtışe kəndi kimi xatırlanırmış (19-cu əsrdən - Bolşiye Mıtışi). Adı Yauzadan Klyazmaya qatarla səyahət edən treyderlərdən alınan gömrük rüsumundan gəlir. 266 minə yaxın da əhalisi varmış.Belə... Hər gün gözümüzə sataşan, amma fikir vermədiyimiz adlardan biri haqqında bu yazını oxudunuzsa, növbəti yazılarımı gözləyin. Məncə, artıq qatara minəndə “Mıtişi” yazısını görəndə nə laqeyd qalacaqsınız, nə də çaş-baş. Eminquey

Seçilən
190
adalet.az

1Mənbələr