AZ

“Futbol matçının Xankəndidə keçirilməsi idman tariximiz üçün şərəfli səhifədir” – Fərid Qayıbov

“30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçının Xankəndi şəhərində keçirilməsi idman tariximiz üçün şərəfli səhifədir”.

Futbolinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov dekabrın yekunlarına həsr olunmuş yazısında bildirib.

Nazir dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan “Qarabağ” – MOİK görüşünü ilin hadisəsi adlandırıb: “Şübhəsiz, təkcə dekabrın deyil, ilin ən sevincli idman hadisəsi Xankəndidə yaşandı. Oyunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın stadionda şəhid övladları ilə birgə izləməsi qürurverici idi”.

Fərid Qayıbov uğurlarla zəngin daha bir ilin geridə qalmaq üzrə olduğunu əlavə edib: “İl ərzində Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda rekord sayda – 1472 medal qazanıblar. Bunun 464-ü qızıl, 398-i gümüş və 610-u bürünc əyarındadır. “Heydər Əliyev İli” yaddaşlarda ölkəmiz üçün qürur dolu anlarla əsl zəfər ili olaraq qalacaq. Gənclər və idman sahələrində qazanılan nailiyyətlər də yetərincə oldu. Bu, təbii ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları və daimi dəstəyi sayəsində mümkün oldu. Gənclərimiz və idmançılarımız Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, “Heydər Əliyev İli” çərçivəsində bu il böyük uğurlar qazandılar”.

Gənclər və idman naziri sonda Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Seçilən
72
6
futbolinfo.az

7Mənbələr