Pensiya ödənişləri 2023-cü ildə 781 milyon manat və ya 16 faiz artaraq, 5 milyard 726 milyon manat təşkil edib.
OXU24.COM xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında çıxışında deyib.
O qeyd edib ki, ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 467 manata çatıb:
"2023-cü ildə yeni sosial islahat çərçivəsində növbəti pensiya artımları təmin edilib: minimum aylıq əmək pensiyasının məbləği ötən il fevralın 1-dən 280 manata çatdırılıb. Həmçinin pensiyalar 2023-cü ilin əvvəlindən 14,7 faiz indeksləşdirilərək artırılıb. 2022-ci ildə əlavə dəstək olaraq bütün pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib, bundan sonra yaranan pensiya məbləğlərinin indeksləşdirilərək artırılması təmin edilib.
Eyni zamanda, 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib ki, bu da hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib".