Peşəkar proqnozlara görə, 2024-cü ildə dünya iqtisadiyyatının artım tempi son illərdə üçüncü dəfə azalacaq.
Axar.az xəbər verir ki, iqtisadçıların fikrincə, dərin maliyyə böhranından yayınmaq mümkün olsa da, qlobal iqtisadi göstəricilər xeyli aşağı olacaq. İnflyasiyanın azalması əsas dövlətlərin mərkəzi banklarının həyata keçirdiyi monetar siyasət, xüsusilə ilkin faiz dərəcələrinin artırılması sayəsində mümkün olub. 2023-cü ildə bu, 5,3 faiz idi. Bu il inflyasiya 3,7 faiz təşkil edəcək.
Analitiklərin fikrincə, hazırkı vəziyyət dünyanın aparıcı dövlətlərinin 2030-cu ilə qədər qarşıya qoyduğu iqtisadi hədəflərə nail ola bilməyəcəklərini göstərir. Söhbət dünyada ifrat yoxsulluğun aradan qaldırılması, istixana qazlarının emissiyasının azaldılması və digər iddialı layihələrdən gedir.
Dünya Bankının məlumatına görə, dünyanın inkişaf etməkdə olan ölkələrinin 25 faizinin rifah səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağıdır ki, bu da qlobal miqyasda pandemiyanın iqtisadi nəticələrinin hələ də aradan qaldırılmaması deməkdir.
Eyni zamanda, ABŞ-da artımın 1,6 faiz, Çində isə 4,5 faiz olacağı proqnozlaşdırılır. Avropa və Yaponiyada artım ABŞ-dan da az olacaq.