AZ

KİV: Afrika ölkələrinin BRICS-ə qoşulması onların dollardan tədricən imtina etdiyini göstərir

Misir, Efiopiya və qlobal cənubun digər ölkələrinin BRICS-ə qoşulması onların dollara əsaslanan dünya ticarət sistemində iştirakdan tədricən çıxması deməkdir.

Valyuta.az xəbər verir ki, bu fikri "Jeune Afrique"ya müsahibə verən ekspertlər söyləyiblər.

Keniyanın "AZA Finance" maliyyə şirkətinin baş direktoru Elizabet Rosiellonun qeyd etdiyi kimi, Afrika üçün ticarətdə dollardan istifadə ölkələrin bir-biri ilə yerli valyutada ticarət apara bilməməsi deməkdir. Ekspert vurğulayıb ki, Afrika dövlətləri Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarının qitəyə lazımi diqqət ayırmaması səbəbindən yeni investisiya mənbələri axtarır.

Cons Hopkins Universitetinin tətbiqi iqtisadiyyat professoru Stiv Hanke bildirib ki, inkişaf etməkdə olan ölkələrin BRICS-ə qoşulmasının digər səbəbi ABŞ-ın sanksiyalar siyasətindən müdafiə əldə etmək istəyidir. Analitik əlavə edib ki, qlobal cənub ölkələri birləşməni ABŞ-ın hakim olduğu qlobal maliyyə sisteminə qarşı tarazlıq kimi görür.

Eyni zamanda bir neçə ekspert qeyd edir ki, BRICS-in genişlənməsi dünya iqtisadiyyatının parçalanmasına səbəb olmayacaq. Oxford Economics konsaltinq şirkətinin baş iqtisadçısı Adam Sleyterin sözlərinə görə, qlobal ticarətdə assosiasiyaya yeni üzvlərin payı cəmi 3% təşkil edir. Bu arada, Ağ Evin və Dünya Bankının keçmiş rəsmisi Harri Brodmanın fikrincə, BRICS-ə qoşulmanın iqtisadi əhəmiyyətindən çox siyasi və simvolik əhəmiyyəti var.

BRICS qrupu 2006-cı ildə yarandığı gündən bu yana iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Braziliya, Rusiya, Hindistan və Çinin daxil olduğu orijinal sıraya qoşulub. 2023-cü ilin avqustunda Argentina da daxil olmaqla daha altı ölkə assosiasiyaya qoşulmağa dəvət edilib, lakin dekabrın sonunda o, üzv olmaqdan imtina edib. Beş yeni üzv - Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya Rusiyanın sədrliyi ilə yanvarın 1-dən BRICS-də tam hüquqlu fəaliyyətə başlayıb.

Nicat

Seçilən
284
33
valyuta.az

10Mənbələr