AZ

Hövsanın Qala məhəllə yolları niyə bu gündədir?...

Image

Elxan Əliyev: “Bəzi qurumlar məhəllədaxili yolların vəziyyətini görməzdən gəlir”

Hövsan qəsəbəsi, Qala məhəlləsinin sakinləri yay aylarında yollarda olan toz-dumandan, qış aylarında isə yağış sularının yaratdığı gölməçələrdən cana yığılıb. Sakinləri deyir ki, qəsəbə böyüdükcə, yolların bərbad vəziyyətdə olması daha qabarıq şəkildə görünür.

Qış aylarında Hövsanın yolları sözün əsl mənasında keçilməz olur. Kələ-kötür yollara, çalalara dolmuş su yığını sürücülər və piyadalar üçün əsl təhlükə mənbəyinə çevrilir. Heç bir sürücü bilmir ki, hansısa su dolu yoldan keçəndə avtomobili hansı vəziyyətə düşəcək. Yollar isə təmir edilmir ki, edilmir. Sakinlər yayı birtəhər yola versələr də, qışın gəlməsindən sözün əsl mənasında qorxurlar. Sakinlərin sözlərinə görə, yağışlı günlərdə vəziyyət dözülməz həddə çatır. Təcili Tibbi Yardım avtomobilləri əraziyə gəlməkdən imtina edir.

“Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yollar bərbad vəziyyətdədir, kosmetik xarakterli müəyyən işlər görülür, iki gündən sonra yollar dağılır” 

Mövzu ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün elə Bakıətrafı yaşayış məntəqələri var ki, orada əhalinin sayı 100 min nəfərə yaxındır: “Bakıətrafı kənd və qəsəbələrin çoxunda məhəllədaxili yollar bərbad vəziyyətdədir. Kosmetik xarakterli müəyyən işlər görülür, iki gündən sonra yollar dağılır. Ya görürsən ki, asfalt örtüyü yaxşı salınmayıb, ya da heç, ümumiyyətlə, yol asfalt deyil. Məhəllədə yaşayanlar öz məhdud imkanları ilə yolları düzəltmək istəyirlər. İritonnajlı avtomobillərin intensiv hərəkəti kənd və qəsəbədaxili yolların daha da bərbad günə düşməsinə gətirib çıxarır. Yağış yağan kimi yolların bir çoxu su altında qalır, palçıq əlindən tərpənmək olmur. Uşaqlar məktəbə gedə bilmirlər. Yay aylarında da toz əlindən tərpənmək olmur. O dərəcədə ciddi problemlər var. Hesab edirəm ki, mərhələli şəkildə bu problemlər həll edilməlidir. Bu zaman yolların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, əhalinin artması, qəsəbədaxili yolların düzəldilməməsi bu sahədə problemlərin artmasına rəvac verir: “Ona görə də hesab edirəm ki, bununla bağlı nəzarət tədbirləri gücləndirilməlidir. Bəzi qurumlar məhəllədaxili yolların vəziyyətini görməzdən gəlir. Bu danılmaz faktdır. Sakinlər etiraz səsini qaldırmasa qurumlar məhəllədaxili yolları əsla təmir etməz. Əslində aidiyyəti qurumların ərazi üzrə əməkdaşları mütəmadi olaraq reydlər keçirməli, hansı ərazidə yol və ya digər problemlər varsa onu həll etməyə çalışmalıdır. Ancaq görünən mənzərə başqadır”.

Günel CƏLİLOVA





Seçilən
229
10
baki-xeber.com

10Mənbələr