Bakı–Tbilisi–Ceyhan kəməri Xəzər regionuna da xidmət edir
Xəzər regionundan dünyaya qapı açan Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri Azərbaycanla yanaşı, bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Ölkəmizi Cənubi Qafqaz regionunun liderinə çevirən bu nəhəng enerji dəhlizi 18 ilə yaxındır ki, sabit və ahəngdar rejimdə fəaliyyət göstərərək xam nefti dünya bazarlarına çatdırır.
Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ildə də fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin ötən ilin nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 120 milyon dollar, əsaslı məsrəflərinə isə 46 milyon dollar xərclənib.
İl ərzində BTC vasitəsilə 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat Türkiyənin Ceyhan şəhəri yaxınlığındakı eyni adlı terminala nəql olunub. Xam neft və kondensat Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında 313 tankerə yüklənərək dünya bazarına yola salınıb.
Qeyd edək ki, XXI əsrin nəhəng ixrac marşrutlarından sayılan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə bağlı əməliyyatlara “BTC Ko.” şirkəti rəhbərlik edir. “BTC Ko.” nun səhmdarları: BP (30,1 faiz), SOCAR (25 faiz), MOL (8,9 faiz), Ekvinor (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), TotalEnergies (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), EksonMobil (2,5 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.
2022-ci ildə “BTC Ko.” şirkətinin səhmdarları əlamətdar bir hadisəni qeyd ediblər. Belə ki, həmin il mart ayının 23-də Ceyhan limanından Azərbaycan nefti yüklənmiş 5000-ci tanker yola salınıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti ilə bağlı daha bir yaddaqalan hadisə isə ötən ilin ilk ayında baş verib. Belə ki, layihənin səhmdarları yanvar ayının 18-də kəmərlə 4 milyard barel neft ixracını bəyan ediblər. Bütövlükdə isə, istismara verildiyi 2006-cı ilin iyun ayından 2023-cü ilin sonunadək bu boru kəməri vasitəsilə 561 milyon tondan çox (təqribən 4,2 milyard barel) xam neft nəql edilib. Həmin neft həcmləri Ceyhan limanında 5557 tankerə yüklənərək dünya bazarına göndərilib. Bu da ümummilli lider Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin uğurlu fəaliyyətinin məntiqi nəticəsidir.
Hazırda BTC, əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən xam neftin və “Şahdəniz” yatağından çıxarılan kondensatın nəqlini həyata keçirir. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin o tayında yerləşən Qazaxıstan və Türkmənistanın xam neft və kondensat həcmləri də nəql olunur. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında imzalanmış 5 illik müqavilə çərçivəsində həyata keçirilir. Həmin müqaviləyə əsasən, bu ölkənin “Tengiz” yatağında hasil edilən neftin 1,5 milyon tonu il ərzində BTC ilə nəql olunmalıdır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr, həm də BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb. Bütövlükdə isə, ötən il Azərbaycan ərazisindən 1 milyon 392 min ton Qazaxıstan nefti nəql olunub.
Yeri gəlmişkən, “Üç dənizin əfsanəsi” adlandırılan bu nəhəng ixrac marşrutu Azərbaycanın yeni neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin mühüm istiqamətlərindən birini də Xəzərin Azərbaycan sektorunda xarici şirkətlərlə bilikdə hasil olunan neftin dünya bazarına ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyatı infrastrtukturunun yaradılması təşkil edirdi. Müqavilə imzalanarkən bu məsələ ətrafında gedən müzakirələr zamanı xam neftin ixracı üçün ilkin olaraq Bakı–Novorossiysk və Bakı–Supsa boru kəmərləri marşrutları seçildi.
Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əsas ixrac boru kəmərinə ehtiyac duyulurdu. Ümummilli liderimiz bu vacib məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan boru kəməri ideyasını irəli sürdü. Həmin ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cidd-cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Bunun davamı olaraq ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən sammiti zamanı Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə, minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan bu layihənin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Bundan sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı çoxsaylı müzakirələr aparıldı.
Bütün bu məsələlər öz praktiki həllini tapdıqdan sonra layihə üzrə fəaliyyət əməliyyatlara start verildi. 2002-ci il sentyabr ayının 18-də Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Kəmərin inşası üçün tanınmış podratçı şirkətlə müqavilə imzalandıqdan sonra 2003-cü ilin fevral ayında tikinti işlərinə başlanıldı. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində misli görünməmiş tikinti-quraşdırma işlərinin eyni anda aparılması layihənin icrasını xeyli sürətləndirdi. Nəhayət, 2004-cü ilin oktyabr ayında kəmərin Azərbaycan və Gürcüstan hissələri birləşdirildi.
Ulu öndərin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi üçün misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci il may ayının 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulmasına başlanıldı. Bu münasibətlə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə mərasim keçirildi. Terminalda quraşdırılmış xüsusi qurğudakı sürgü аçıldıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.
2006-ci il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də buradan xam neftlə yüklənmiş ilk tanker yola salındı. Həmin ayın 13-də isə Türkiyənin Ceyhan şəhərində BTC-nin təntənəli açılış mərasimi keçirildi. Bununla da, “Üç dənizin əfsanəsi” adlandırılan nəhəng enerji layihəsi real fəaliyyət sahəsinə çevrildi.
Göründüyü kimi, Ulu öndərin adını daşıyan Bakı–Tbilisi–Ceyhan boru kəməri uzun illərdir ki, uğurlu fəaliyyəti ilə ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Mirbağır YAQUBZADƏ XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta