AZ

Navalnının cəsədi haradadır?

Hazırda Rusiyada 3 gün əvvəl xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişən siyasətçi Aleksey Navalnının cəsədinin harada olması əsas müzakirə mövzularından biridir. 
Navalnının anası Lyudmila Navalnaya fevralın 17-si oğlunun dünyasını dəyişdiyi koloniyaya gəlib və burada ona siyasətçinin ölümü barədə rəsmi məlumat təqdim edilib.
Ona oğlunun cəsədinin Salexard şəhərindəki morqda olduğu bildirilib. Sözügedən morq ilk olaraq Navalnının nəşinin orada olması barədə məlumatı təkzib edib. Bundan sonra Rusiya mediasında və sosial şəbəkə seqmentində mərhumun nəşi haqda niyə dəqiq məlumatın olmadığı, cəsədin gizlədilməsinə cəhd edilməsi iddiaları müzakirə edilməyə başlayıb. 
Salexardın İstintaq Komitəsi isə Navalnının vəkilinə bildirib ki, siyasətçinin ölüm səbəbi hələ müəyyən edilməyib, buna görə də, yenidən ekspertiza keçiriləcək və bunun nəticələri gələn həftə məlum olacaq.
Bununla belə, “Новая газета Европа” öz mənbələrinə istinadən A.Navalnının cəsədinin Salexard rayon klinik xəstəxanasının morqunda olduğunu, ekspertizanın hələ aparılmadığını yazıb. Nəşrin mənbəsinin məlumatına əsasən, siyasətçinin nəşi həmin xəstəxanaya fevralın 16-sı axşam gətirilib.
Salexardın təcili tibbi yardım stansiyasının əməkdaşı Navalnının bədənində qançır izlərinin olduğunu, bunların isə qıcolma və ürək masajı səbəbindən yarana biləcəyini bildirib. 
Qeyd edək ki, 47 yaşlı rusiyalı siyasətçinin harada dəfn olunacağı hələ ki, məlum deyil.

Seçilən
613
1
tribunainfo.az

2Mənbələr