AZ

İstanbulda Avrasiya İqtisadi Zirvəsi

Toplantıda qlobal böhranlar müzakirə edildi
İstanbulda keçirilən və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin təşkil etdiyi 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı “Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək” mövzusuna həsr olunub. Dünyanın 40 ölkəsinin nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanlanan məktubları diqqətə çatdırılıb. Dövlətimizin başçısının məktubunda hazırda hökm sürən iqlim dəyişmələrinin planetimizi təhdid edən başlıca çətinliklər sırasında yer aldığı, bu problemin təsirlərinin artıq həyatın bütün sahələrində özünü büruzə verdiyi xüsusi vurğulanıb. 
Məktubda daha sonra Azərbaycanın iqlim də­yişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırdığı, onun mənfi fəsadlarının azaldılması üçün birgə fəaliyyətin təmin olunması istiqamətində səylər göstərdiyi bildirilib və dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 29-cu sessiyasının (COP29) bü­tün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz respublikamızda keçiriləcəyinin təsadüfi olmadığı qeyd edilib. 
Prezident İlham Əliyevin məktubunda vurğu­landığı kimi, Azərbaycan Avrasiya regionunda dinamik inkişafı ilə səciyyələnən tərəfdaşlıq mü­nasibətlərinin daha da möhkəmləndirilməsinə hər zaman mühüm önəm verib. Bu baxımdan ölkəmiz yüksək inkişaf mərhələsi yaşayan nəqliyyat-logis­tika infrastrukturuna malik etibarlı tranzit dövlət olaraq Avrasiyada regional əməkdaşlığın irə­liləməsində, iqtisadi tərəqqinin təşviqində yüksək nəticələr əldə edib.
Yeri gəlmişkən, Avrasiya İqtisadi Zirvə Toplan­tısı dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı, regionda, eləcə də qlobal miqyasda cərəyan edən proseslər ətra­fında fikir mübadiləsinin aparıldığı, hazırkı mürək­kəb böhranların aradan qaldırılması yollarının müzakirəsinin keçirildiyi nüfuzlu bir platformadır. Ənənəvi olaraq hər il keçirilən bu platformada sürətlə transformasiyaya məruz qalan müasir dünyada davamlı təhdidlərlə yanaşı, bəşəriyyət­də ciddi narahatlıq doğuran yeni çağırışların və təhlükələrin meydana gəlməsi regional və qlo­bal problemlərin həlli istiqamətində yeni yanaş­maların formalaşdırılmasını labüd edir. 2024-cü ildə gerçəkləşdirilən Zirvə Toplantısında da belə mövzuların, məsələn, iqlim böhranı, ətraf mühitlə əlaqədar problemlərin gündəliyə salınması diqqət çəkir. 
Avrasiya İqtisadi Zirvə Toplantısında dünyada baş verən təbii, sosial-iqtisadi və siyasi proseslərin bəzən regional və ya qlobal böhranlara çevrildiyi, belə ciddi qlobal böhranların həllinin isə ölkələr arasında sıx əməkdaşlıq zərurəti yaratdığı bildi­rilib. Tədbirdə, həmçinin dünyada hazırda iqlim dəyişikliyinin, Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları ilə davam edən hadisələrin qlobal arenada təsirlərinin davam etdiyi bir vaxtda həmin əməkdaşlığın daha da gücləndirilməsinə ciddi eh­tiyac duyulduğu diqqətə çatdırıb. Şübhəsiz ki, bu cür məsələlərin iqtisadiyyata təsirsiz ötüşmədiyi də dəfələrlə bütün dünyaya mesaj kimi ötürülüb. 
Sözügedən iqtisadi zirvə toplantısında İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz­da yaranan son vəziyyətə də toxunularaq bu şə­raitin tarixi sülh üçün bir fürsət olduğu vurğulanıb. Bu fürsətin dəyərləndirilməsinin bölgəmiz üçün yeni dövrün başlanğıcı ola biləcəyi qeyd edilib və bu çərçivədə ən qısa zamanda Azərbaycanla Er­mənistan arasında sülh sazişinin imzalanmasının gözlənildiyi diqqətə çatdırılıb. Eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də maneə qalmaya­cağı deyilib. 
Bu məqamda onu da qeyd edək ki, bu gün ən yüksək inkişaf mərhələsində olan Azərbaycan–Türkiyə münasibətlərinin önəmini xüsusi vurğula­mağa ehtiyac var. Belə ki, Azərbaycanın qardaş ölkə ilə çoxşaxəli birgə fəaliyyəti, bu istiqamətdə gerçəkləşdirilən irimiqyaslı layihələr strateji müt­təfiqliyimizi şərtləndirən mühüm amillər olmaqla yanaşı, regional əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə əhəmiyyətli töhfə verir. Hər iki xalqın qardaşlığı və birliyindən, ortaq tarixindən, zəngin milli-mənəvi dəyərlərindən güc alan strateji müttə­fiqliyin, habelə “Bir millət, iki dövlət” prinsipinin bundan sonra da dönməz xarakter daşıyacağını deməyə əsas verir. 
Yeri gəlmişkən, hazırda dünyada dövlətləra­rası münasibətləri tənzimləməli olan mexanizmlər getdikcə zəifləyir, beynəlxalq hüququn aliliyinə inam azalır. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla bərabər baş verən enerji böhranı da beynəlxalq münasibətlər sisteminin tənəzzü­lünün nəticələri kimi diqqət çəkir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorun­masında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi re­allıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. İki qardaş ölkə bölgədə ədalətli sülhün qarantıdır, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaş­dır.
Prezident İlham Əliyevin əminliklə vurğuladı­ğı kimi, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşan Azərbaycan–Türkiyə münasi­bətləri yeni uğurlarla daha da möhkəmlənəcək, birgə fəaliyyət beynəlxalq əhəmiyyətli təşəbbüslə­ri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcək.
27-ci Avrasiya İqtisadi Zirvə Toplantısı çərçi­vəsində aparılan müzakirələr də böyük bir сoğ­rafiyanı əhatə edən ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi, bəşəriyyətin rifahı naminə yeni əməkdaşlıq imkanlarının müəyyən­ləşdirilməsi üçün faydalı olacaq.
Vaqif BAYRAMOV XQ

Seçilən
178
xalqqazeti.az

1Mənbələr