AZ

Ədalət Vəliyev- 65: Həmsöhbətinin hisslərini, həyəcan və istəklərini duyan insan

Hər dəfə yanımda dövlət qulluğunda çalışan insanlardan söhbət düşəndə, nədənsə yadıma ilk düşən həkimlər olur. Sanki onlar da həkimlər kimi, xalqa, dövlətə sədaqətlə qulluq edəcəklərinə and içiblər. Və bu and vəzifə öhdəliklərini yerinə yetirmələrində onları hər zaman müşayət edir, and müqəddəsliyini itirmir. Bəli, budəfəki söhbətimin qəhrəmanı ölkəmizdə yaxşı tanınan, yüksək dövlət postunda çalışan bir məmurdur. Məqsədim, onu məmur kimi deyil, bir alim, bir vətəndaş, bir insan kimi təqdim etməkdən ibarətdir....O, 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 102 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 21 nömrəli musiqi məktəbində oxuyub. Məktəbi bitirdikdən bir qədər sonra əsgərliyə çağrılıb və sovet ordusunun sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Dövlət Universitetində filologiya ixtisası üzrə ali təhsilə yiyələnib. 1980-ci ildən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləyib. 1987–1991-ci illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini, sərəncamçı direktor vəzifələrində çalışıb. Sonra bir müddət də Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru olub. Onu 1993-cü ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin ediblər. 2006-cı ildə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində işləyib. 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiridir. Ailəlidir. İki övladı və bir neçə nəvəsi var...Həssas və empatik təbiətli adamdır. Həmsöhbətinin hisslərini, həyəcan və istəklərini tez duymaq qabiliyyətinə malikdir. İntuisiyası çox güclüdür. İstedadlıdır, mənəvi dünyaya olan marağı onu yaradıcı bir insan kimi yetişdirə bilib. Qüvvətli zehni var, təfəkkürü genişdir, qeyri adi idrakı ona, heç kimin ağlına gəlmədiyi bir faydanı öncədən anladır. Sosial həyatdakı mövqeyinə söz ola bilməz, yüksək mədəniyyət, kamil davranış, təvazökarlıq, nəciblik, xeyirxahlıq varlığına hopub. İnsanlara dəyər verməyi bacarır, necə deyərlər, yaxşı insanların qərdrini bilən şəxsdir...Bütün bunlarla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. On il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Azərbaycanda və xaricdə çap olunan xeyli sayda elmi və publisistik məqalələrin, dərslik, dərs vəsaiti və proqramların müəllifidir. Odlar Yurdu Universitetinin fəxri professorudur. Yaxşı tənqidçi teatrşünasdır. İndiyə qədər "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri", "Əqidə, Ruh və Teatr" adlı monoqrafiyaları, "Teatr sənətimiz: dünən, bu gün, sabah…", "Yeni təməl", ingilis dilində "The Structure of a Modern Theatre" və "Belief, Spirit and Theatre", eləcə də rus dilində "Азербайджанский театр начала XXI века" adlı kitabları nəşr olunub. 2008-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcələrinə yiyələnib... Daxili instinkt və hisslərinə çox etibar edir. Və bu xüsusiyyəti onu heç vaxt yanıltmır. Əksinə, həyatının çətin məqamlarında ona doğru yolu tapmaqda yardımçı olur. Sadə həyat tərzini sevir, rəftarında alicənabdır. Etik qaydalara əməl etməyi xoşlayır, nəzakətlidir. Yüksək dövlət postunda çalışsa da, heç vaxt səlahiyyətlərindən sui istifadə etmir. İnsanlara yuxarıdan aşağı deyil, əzizi, doğması kimi baxır. Bu da ona başucalığı gətirir, haqqında xoş təəssürat, söz-söhbətlər yaradır...Onun bir məmur kimi fəaliyyətindən də danışa bilərdim, amma düşünürəm ki, buna ehtiyac yoxdur. Çünki vəzifəli adamları tərifləyəndə bəziləri bunu yarınmaq kimi də anlayırlar…Martın 4-də onun 65 yaşı tamam olur. İstədim ki, bildiklərimi sizinlə də bölüşüm. Bəli, mən professor Ədalət Vəliyevi deyirəm...Çox yaşasın!Hörmətlə, Eman Eldaroğlu

Seçilən
681
1
sherg.az

2Mənbələr