AZ

Səhnəmizin sənət bayramı tamaşaları

10 Mart Azərbaycan Milli Teatr Günüdür
Yazın ilk bayramlarından biri Azərbaycan Milli Teatr Günüdür. Əsr yarım öncə peşəkar milli teatrımızın təməli məhz Novruz ərəfəsində – martın 10-da qoyulub. 
Əslində, xalq teatrının, milli oyun mədəniy­yətinin tarixi onun peşəkar səhnə ənənəsindən çox qədimdir. Ulularımızın “Xıdır Nəbi”, “Novruz”, “Qodu-qodu”, “Kosa-Keçəl” və sair tamaşaları bunu deməyə əsas verir. Amma rejissor yozumlu, aktyor mizanlı teatrımızın 151 yaşı var. 
Böyük maarifçilər Həsən bəy Zərdabi və Nə­cəf bəy Vəzirovun təşəbbüsü, aktyor Əsgər ağa Adıgözəlov (Gorani) və Realnı məktəbin şagird­lərinin iştirakı ilə 1873-cü il martın 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. Bununla da bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub.
Ənənəvi olaraq, teatr camesi və sənətsevərlə­rin bu günü sənət ocaqları premyera, fərqli tədbir­lərlə qeyd edirlər. Bəs, bu il Milli Teatr Günü nə ilə yadda qalacaq?
Akademik Milli Dram Teatrı bu gün axşam tamaşaçılarını premyera – “Əsrə bərabər gün”lə salamlayacaq. Görkəmli qırğız yazıçısı Çingiz Ay­tmatovun məşhur romanı əsasında hazırlanan ta­maşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 12:00-da “İki küpəgirən qarı” (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşası balacaların ixtiyarına ve­riləcək. Tamaşaya rejissor Əhəd Hacıyev quruluş verib. 
Akademik Opera və Balet Teatrı “Trubadur” operasının növbəti tamaşasını (BMA-nın Opera Studiyasının səhnəsində) təqdim edəcək. Aka­demik Rus Dram Teatrında dramaturgiyamızın banisi M.F.Axundzadənin “Müsyö Jordan və dər­viş Məstəli şah”ı yenidən təqdim ediləcək. Döv­lət Gənc Tamaşaçılar Teatrı günorta saatlarında uşaqları “Möcüzəli pillələr”ə “qaldıracaq”. Səhnə əsərinin müəllifi mərhum Xalq artisti Ağaxan Sal­manlıdır. Axşam seansında isə Əməkdar artist Nicat Kazımovun quruluşunda Xalq artisti Naibə Allahverdiyevanın “Gerçəkləşməyən arzular”ının benefisi olacaq. 
Azərbaycan Dövlət Kukla Teatrı da peşə bay­ramına premyera ilə gəlir. X.Əlibəylinin – “Dov­şanın ad günü” mənzum pyesi kuklaçıların yeni yozumunda səhnəyə çıxacaq. Tamaşanı Səida Haqverdiyeva səhnələşdirib. 
Milli Teatr Günündə bölgə teatrları “açıq qapı” aksiyaları keçirəcəklər. Sənətsevərlər ödənişsiz tamaşa seyr edə biləcəklər.
Ə.DOSTƏLİ XQ

Seçilən
231
xalqqazeti.az

1Mənbələr