AZ

200 illik işğal siyasətinə 20 ildə son qoyuldu — ŞƏRH

Düz 20 il bundan əvvəl xalqımiz İlham Əliyevə böyük etimad göstərərək seçkilərdə Prezident seçmişdi. O vaxt Prezident İlham Əliyev Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, işğal altında olan torpaqlarımızı azad edəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkün soydaşlarımız doğma dədə-baba torpaqlarına qayıdacaqlar. Bir neçə gün əvvəl Prezident İlham Əliyev bir gün ərzində Sərsəng, Ağdərə, Əsgəran, Xocalı, Malıbəyli, Kərkicahan, Xankəndiyə səfəri zaman dünyaya bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır! İndi, demək olar ki, bütöv Qarabağda Azərbaycan bayrağı dalğalanır. Ermənistanın 200 illik işğal siyasətinə Prezident İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti dövründə birdəfəlik son qoydu. Artıq Ermənistanın ictimai-siyasi xadimləri, ziyalıları, o cümlədən Xankəndidə yaşayan ermənilər də bu ərazilərin Azərbaycana məxsus olduğunu etiraf edirlər. Bu gün hamının gözü qarşısında Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər ərazilərimizdə əzəmətli Azərbaycan Bayrağı dalğalanır.

Bu fikirləri Azərtac-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, bu gün dünya ictimaiyyətinin diqqəti Qarabağda baş verən hadisələrə - Prezident İlham Əliyevin işğaldan azad edilmiş əraziləri, xüsusilə separatçı rejimin özünə mərkəz seçdiyi Xankəndini qarış-qarış gəzməsi, hətta keçmiş qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti”nin, “dövlət nazir”nin və digər “səlahiyyətli” şəxslərin özlərinə “iş otağı” seçdikləri binaya daxil olaraq həmin ərazilərin Azərbaycana aid olduğunu bir daha təsdiq etdi. Bir vaxtlar həmin binada rahat otaqlarda oturub Azərbaycana hədə-qorxu gələnlər indi Bakıda istintaq təcridxanasında törətdiyi qətllərin, təşkil etdikləri terror hadisələrin hesabatını verirlər. Dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdığı xüsusi qeyd edilib. Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti qondarma qurumun fəaliyyətini dayandırdıqdan sonra bölgəni tərk etməməyə qərar verən erməni əhali üçün reinteqrasiya planını açıqlayıb. Digər aparıcı portallarda yayımlanan informasiyalarda dövlətimizin başçısının Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdığı və sonra çıxışı oxucuların diqqətinə çatdırılıb.

Ç.Qənizadə vurğulayıb ki, beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağ 1994-cü ildən etnik erməni qüvvələrin nəzarəti altında olan bölgəyə çevrilmişdi. 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Qarabağın böyük hissəsinə nəzarəti bərpa edib. Əslində, bu gün Azərbaycan Qarabağın, demək olar ki, bütün ərazisinə nəzarət edir. Dövlətimizin başçısı Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında da bu məqamları diqqətə çatdırdı. Həmin günü tarixi bir gün adlandıran möhtərəm Prezidentimiz dedi ki, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bütün Azərbaycan xalqı ürəkdən sevinir, “Allaha şükür” deyir. Bu günü 30 ildən çox gözləmişdik: “Hər birimiz inanırdıq ki, bu gün gələcək. Çünki son 20 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı addım-addım, pillə-pillə yüksəldir, inkişaf etmiş dövlətlərin sırasına çatdırdı. Dövlətimizin başçısı iyirmi il əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Qazanılan uğurlar hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru aparırdı. Atlan hər bir addım xalqımızı bu müqəddəs ana yaxınlaşdırırdı. Bir vaxtlar çoxlarına yuxu kimi görünən bu hadisələr artıq reallığa çevrilib”.

Hüquq müdafiəçisi dövlətimizin başçısının çıxışına istinad edərək bildirib ki, bu illər ərzində Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycan dünyada söz sahibinə çevrilib, hətta bəzi məsələlərdə ölkəmizlə hesablaşırlar. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, iqtisadi gücə malik olduq, qüdrətli ordu yaratdıq. Bu ordu Ermənistan silahlı qüvvələrini 44 gün ərzində darmadağın etdi və 3 il sonra isə qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdə törətdikləri təxribatlara və mina müharibəsinə cavab olaraq keçirdiyi lokal xarakterli antiterror tədbirlərində cəmi 24 saat ərzində düşməni diz çökdürdü.

Seçilən
411
27
demokrat.az

10Mənbələr