Milli komandaların oyunları səbəbindən yerli liqalarda yaranmış fasiləyə yekun vurulur. Artıq diqqət yenidən həm daxili çempionatlara, həm də Avropa kuboklarının matçlarına yönələcək.
Əlbəttə, Avropa kuboku deyərkən, indi biz azərbaycanlılar üçün "Qarabağ" göz önünə gəlir. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropa Liqasının qrup mərhələsində uğurlu çıxış edir. Onlar hər iki matçda - "Mölde" (Norveç) ilə ev, "Hekken"lə (İsveç) səfər görüşündə qalib gəliblər (hər iki halda 1:0). Ağdam təmsilçisinin bu oyunlarda qol buraxmaması da müsbət mənada qeyd ediləcək faktlardandır. Avroliqanın növbəti iki turunda "Qarabağ"ı daha ağır oyunlar gözləyir. Komanda qrupun şərikli liderlərindən olan "Bayer"lə qarşılaşacaq. İlk matç oktyabrın 26-da Leverkusendə, cavab oyunu noyabrın 9-da Bakıda keçiriləcək.
İspaniyanın əfsanəvi futbolçularından olmuş Xabi Alonsonun rəhbərlik etdiyi "Bayer" bu mövsüm möhtəşəm oyunu ilə diqqətləri üzərinə çəkib. Komanda Avropa Liqası ilə yanaşı Bundesliqada da liderdir. 41 yaşlı mütəxəssisin rəhbərlik etdiyi leverkuzenlilər 7 oyundan 19 xalla birinci yerdədirlər. 6 qələbə və 1 heç-heçəsi olan "Bayer" bu mövsüm nə daxili liqada, nə də Avropa miqyaslı yarışda uduzub.
Onlar bundesliqada məhsuldar oyunları ilə seçilirlər. 7 matçda 23 qol vuran "Bayer" bu göstəricidə də liderdir. Avropa Liqasında da "aslanlar" ən çox qol vuran komandalardandır: onlar iki oyuna 6 dəfə rəqib qapısına yol tapıblar.
Beləliklə, "Qarabağ"ın qarşıda bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən "Bayer"lə iki matç gözləyir. Həmin görüşlərdə Xabi Alonsonun komandasının uğurlu seriyasının qırılacağı ehtimalı az olsa da, futbolda hər zaman sensasiyaların qeydə alındığını da qeyd edək.
Yeri gəlmişkən, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda da qələbələri sıralamaqdadır. Ağdam təmsilçisi son olaraq Azərbaycan çempionatında (3 sentyabr) "Səbail"ə uduzub. O vaxtdan komanda Misli Premyer Liqasında keçirdiyi 4, Avropa Liqasındakı 2 matçda yüzfaizli nəticə göstərib: 6 oyun, 6 qələbə...
Ümumilikdə isə "Qarabağ" bu mövsüm Avropa kuboklarında dalbadal 7 oyundur uduzmur. Ağdam təmsilçisi son dəfə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la Polşakı görüşdə (26 iyul) məğlub olub. Həmin matçdan sonrakı 7 oyunda "Qarabağ" 2 dəfə heç-heçə edib, 5 dəfə isə qələbə qazanıb.
Beləliklə, statistikadan çıxış edərək biz gələn həftə Leverkusendə iki məğlubedilməzin qarşılaşacağını söyləyə bilərik. Həmin oyuna qədər isə "Qarabağ" və "Bayer"i daxili liqalarda oyunlar gözləyir. Ağdam təmsilçisi Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Turan Tovuz"la (20 oktyabr), "Bayer" isə rəqib meydanında "Volfsburq"la (21 oktyabr) qarşılaşacaq.
ELNUR