AZ

Rusiyada hakimiyyət uğrunda savaş: Putin varisini dəyişdirdi

Rusiya Prezidenti Vladimir Putin yeni müdafiə nazirindən orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya hökumətində baş verən kadr dəyişikliklərinə diqqət çəkib:

“Rusiya prezidenti Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi. Çünki Putin Krımın ilhaqı kimi, Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu, müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi. Ancaq Putin Şoyqunu istefaya göndərməkdə ehtiyat edirdi. Çünki bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı üzə çıxacaqdı. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Putin Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək.

Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib. Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbi və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək. İkincisi, Belousov ordunun təchizatını modernləşdirilməlidir.

Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsi və təhcizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və müavinləri başçılıq edirlər və birbaşa Putinə hesabat verirlər”.

Elxan Şahinoğlu hesab edir ki, Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var:

“Patruşev bu vəzifədə olanda yerli və xarici ekspertlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi. Bəs Şoyqunun Patruşevin yerinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı? Bunu indidən söyləmək çətindir. Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibənin gedişatında Putinin etibarını doğrultmayıb.

Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi, Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə vaxt bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o bunu son anda müəyyənləşdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
356
21
teleqraf.com

10Mənbələr