AZ

Zəngli saatın yaranması (mətin və audio)

 

   Həyatda geri qaytarılması mümkün olmayan nə var və ya nələr var? Qədim müdriklər bunları belə sadalayıb: atılan ox, deyilən söz, əldən verilən fürsət və zaman. Gündəlik qayğılar bizi məşğul edərkən bunu o an dərk etməsək də, geriyə baxanda görürük ki, vaxtımız uçur. Artıq o zamanı qaytarmaq mümkün deyil. Elə buna görə də insanlar ta qədimdən bu günə qədər vaxtdan səmərəli istifadə etməyə çalışmış və onu müəyyən intervallara - günlərə, aylara, illərə bölmüşlər. Bu baxımdan ən böyük köməkçimiz saatdır. Müasir günümüzdə cib telefonu, planşet və ya kompüterlərimizdə olmasına baxmayaraq, biləklərimizə taxdığımız və ya evimizin, iş yerimizin divarlarından asdığımız saatlar hələ həyatımızda öz yerini qoruyur.

  İlk saatı kim ixtira edib? Bu sualın dəqiq cavabı bəlli deyil. Lakin müxtəlif coğrafiyalardakı fərqli sivilizasiyalar zamanı intervallara bölmək üçün müəyyən təcrübələr aparıblar. Bunlardan birincisi, eramızdan əvvəl 4000-ci ildə Misirdə istifadə edilən günəş saatıdır. Günəş saatından sonra su, şam və qum saatları gəlib. Onların hamısı öz yaşlarının mühüm ixtiraları idi, lakin dünya əhalisi artdıqca və şəhər həyatına keçid başladıqca bu ibtidai üsul ehtiyacları ödəyə bilmirdi.

  İlk mexaniki saatlar 14-cü əsrin əvvəllərində ortaya çıxdı və getdikcə təkmilləşdirildi. Müasir saatın ixtiraçısı Almaniyanın Nürnberq şəhərində bir çilingər və saatçı olmuş Peter Henlein (1485-1554) sayılır. O, boyunbağı zəncirinə taxılmaqla geyim üzərində asılan kiçik dekoratif saatların ustasıydı. P.Henlein zərbə və təkan yüklərini yumşaltmaq, tormozlama kimi sıxıcı qüvvə yaratmaq, enerjini yığmaq və tədriclə işçi mexanizmə ötürmək funksiyalarını  yerinə yetirmək üçün istifadə olunan, rus dilində “prujina” deyilən yaydan istifadə edərək tarixdə ilk qurmalı zəngli saatı ixtira və istehsal etdi. Bundan sonra adamlar bu saatları ciblərində gəzdirməyə başladılar.

  Qalileo Qalileydən Con Harrisona qədər alimlərin bir çoxu saatlar üzərində işləyib. Lakin bu saatların heç biri adamı vaxtında yuxudan oyandırmayıb.

  Zəhlətökən də olsa, səhərlər məktəbə, işə və ya başqa yerə getmək üçün bizi isti yatağımızdan qalxmağa məcbur edən zəngli saatlarıdır. İstər mexaniki, istərsə də rəqəmsal olan zəngli saatlar həyatımızın əvəzolunmaz hissəsidir. Bəs zəngli saat necə və nə vaxt yaranıb?

  XIII əsrin sonlarına doğru Birəşmiş Ştatlarda doğulmuş amerikalı saat ustası Levi Hatçins (Levi Hutchins, 1761-1855) səhər tezdən oyanmaq məcburiyyətində olan, amma yuxuya qalan və hər səhər işə gecikən bir adam idi. Bir gün səhər Levi evinin yaxınlığındakı kilsə zənginin səsinə yuxudan oyandı və o zaman beyninə gələn fikri sonralar tərcümeyi-halında belə əks etdirdi: “Mənim fikrim səsli siqnalizasiya dizayn etmək idi, lakin bu, çox çətin idi. Evin yanındakı kilsənin zəngi məndə yeni fikir yaratdı. Böyük bir qutu düzəltdim və evdəki mis saatımın mexanizmini ora yerləşdirdim. Dırnaq kimi dişli dəmir istifadə edərək mexanizmi kiçik bir zəngə bağladım. Uzun əqrəb qurulan vaxta çatanda dişli mismarı bərk itələdi, mismar zəngə dəydi, bu zərbənin səsi məni oyatdı”.

  Hatçinsin zəngli saatı gündə bir dəfə çalırdı, yalnız sübh saat 4-də. Onun üçün əsas o idi ki, yuxudan vaxtında oyanmağın yolunu tapmışdı.

  Levi Hatçinsin bu ixtirası həm şəhər sakinləri, həm də fermerlərin böyük marağına səbəb oldu, çünki o illərdə Amerikada iş həyatı, xüsusən də kənd yerlərində yaşayanlar üçün çox erkən başlayırdı. Levi Hatçins ixtirasını patentləşdirmədi, lakin uzun illər bu zəngli saatın istehsalına davam etdi.

  Zaman keçdikcə mühəndislər saatı təkmilləşdirdilər.

  Hatçinsin sadə mexanizmini kiçildən və tənzimləyən mexaniki qurma zəngli saatın patenti fransız Antuan Rediyə (Antoine Redie, 1817-1892) verildi.

  Bu gün zəngli saat rolunu daha çox bizim cib telefonlarımızdakı saatlar icra edir, həm də yalnız səhərlər oyanmaqda deyil, vacib bir işimizi, görüşümüzü də yadda saxlamaq üçün telefonun zəngli saatını qururuq. Çünki zaman dəyərlidir, qədrini bilmək istəyirik.



Seçilən
9
2
trt.net.tr

3Mənbələr