Kreml prezidentin köməkçisi Aleksey Dyuminin Rusiya Dövlət Şurasının katibi təyin edildiyini açıqlayıb. Şuranın əvvəlki katibi prezidentin köməkçisi İqor Levitin olub.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, 2016-cı ildə Vladimir Putin Aleksey Dyumini Tula vilayətinin qubernatoru vəzifəsini icra edən təyin edib. Həmin ilin sentyabrında o, seçkilərdə qalib gəlib. O, 2021-ci ildə daha bir müddətə seçilib. 2024-cü il mayın 14-də Prezident Purin Dyuminin onun köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident Administrasiyasının yeni tərkibində İqor Levitin prezidentin müşaviri və eyni zamanda nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi təyin edilib.
Dövlət Şurası 2000-ci il sentyabrın 1-də yaradılıb. Prezident tərəfindən formalaşdırılan Şuranın əsas işi vahid dövlət hakimiyyəti sisteminə daxil olan orqanların əlaqələndirilmiş fəaliyyətini və qarşılıqlı fəaliyyətini təmin etmək, habelə Rusiya Federasiyasının daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən etməkdir. Dövlət Şurası digər məsələlərlə yanaşı, strateji məqsədlərin işlənib hazırlanmasında, regional siyasətin və ölkənin sosial-iqtisadi siyasətinin formalaşmasında iştirak edir.