AZ

Fiziki şəxslər üçün yeni kredit qaydası faizlərə təsir edəcək...

Image

Məlum olduğu kimi, “Banklarda kredit risqlərinin idarə edilməsi Qaydası”nı dəyişən Mərkəzi Bank fiziki şəxslərə kredit ayrılmasına dair yeni qərar verib.

Qərara əsasən, məcburi sığortalanma tələbinin müəyyən olunduğu hallar istisna olmaqla, fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risqlərə təminat verilməsini nəzərdə tutan borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək. Bank sığortaçılardan sığorta haqlarına dair təklifləri almalı və dəyişiklik edilmədən müştəriyə təqdim etməlidir. Müvafiq sığorta müqaviləsinin bağlanması və bankda bu barədə qeydiyyat aparılmaqla kağız daşıyıcıda və ya elektron formada müştəriyə təqdim ediləcək. Dəyişikliyə görə, təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid olan həyatın ölüm halından sığortası və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası siniflərinə aid ediləcək. Sığorta obyekti sığortalının həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir. Qərarla sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir. Sığorta haqqı kreditin minimum 0.1 faizi həcmində hesablanacaq. Bəzi ekspertlər yeni qərarın kredit faizlərini aşağı salacağını düşünür. Digərlərinin fikrincə, müştərilərin belinə əlavə yük düşəcək, axı əlavə sənədlər tələb ediləcək, bank faizlərinə sığorta haqqı da əlavə olunacaq və nəticədə ödənişlər artacaq. Yenə Mərkəzi Bankın məlumatına görə, bu ilin birinci rübündə istehlak kreditlərinin həcmi 2.95 faiz artaraq 7 milyard 142 milyon manata çatıb. 2024-cü il 1 aprel tarixinə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi – kredit kartı vasitəsilə verilən kreditlər üzrə 23 faiz, məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə 25 faiz, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16 faiz, avtomobil kreditləri üzrə 11 faiz və digər istehlak kreditləri üzrə 18 faiz olub. Problemli kredit həcminin də azaldığı bildirilir. Bu il mayın 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 1.8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 21.9 faiz azalaraq 462.2 milyon manat olub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirib ki, Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır və bu, kredit risqlərini minimallaşdıracaq: “Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditləri verilərkən həm də bankın borcalana sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Sığorta müqaviləsinin olmaması üzündən müştəri dünyasını dəyişən zaman krediti onun vərəsəsi - ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdı. Bu da əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükünə çevrildiyindən sosial baxımdan arzulanan deyildi”. Deputatın fikrincə, yeni qaydalar əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq: “Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulma faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub”. V.Bayramovun sözlərinə görə, ən mühüm məqamlardan biri də risqlərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür: “Risqlərin sığortalanması istehlak kreditləri üzrə faizləri azalda bilər”.

Bank məsələləri eksperti Əkrəm Həsənov isə bildirib ki, bu qərar banklara və kredit faizlərinə heç bir təsir etməyəcək: “Bank krediti verir, pulunu qazanır və kreditin sığortası faizlərə təsir göstərmir. Amma sığortanın olması bankın özü üçün yaxşıdır, çünki sabah vətəndaş ölübsə, əmək qabiliyyətini itiribsə, bank ölənin yaxınlarının arxasınca düşməyəcək və bu kredit ödənişini dərhal sığorta şirkətindən alacaq”. Ekspertin fikrincə, bu qərar sığorta təşkilatları üçün də yaxşıdır, axı bu, əlavə biznesdir: “Ona görə də düşünürəm ki, onlar bunu tətbiq edəcəklər”. Vətəndaşlara gəlincə, Ə.Həsənov “Azadlıq” radiosuna açıqlamasında kredit götürən vətəndaşların xərclərinin artacağını bildirir: “İndiyədək vətəndaş yalnız kredit faizlərini və komisyon haqqını ödəyirdi, amma indi, üstəlik, sığorta haqqını da ödəməli olacaq”. Ekspert hazırda problemli kreditlərin çox olduğunu da vurğulayıb: “Düzdür, 2015-ci ilin devalvasiya dövründəki kimi deyil, amma hazırda da problemli kreditlər çoxdur. Bunun əsas səbəbi insanların əmək haqlarının az olması, xərclərinsə artmasıdır. Üstəlik, insanlar da bəzən öz xərclərini düzgün ölçüb-biçmədiyindən krediti gerçək zərurət olmadan götürürlər. Bu baxımdan, banklar daha ehtiyatlı olub, əvvəlki kimi aqressiv kredit siyasəti aparmır, kimə gəldi kredit vermir”. Ə.Həsənov kredit faizlərinin də problemli kreditlərin yaranmasında böyük rol oynadığını düşünür, amma dərhal əlavə edir: “Bu, bank sisteminin problemi deyil. Bu, ölkədə kredit risqinin, qanunçuluğun olmamasının, süründürməçiliyin problemidir. Kreditin qaytarılmaması bankın xərclərini artırdığından, banklar o risqi nəzərə alıb həmin potensial xərcləri kredit faizlərinə daxil edir. Beləcə, faizlər də yüksəlir”.

Ramil QULİYEV





Seçilən
135
50
baki-xeber.com

10Mənbələr