AZ

BMT İsraili "qara siyahı"ya daxil edib

"İsrailin HƏMAS-la müharibəsi nəticəsində Qəzza bölgəsində 13 min uşaq həlak olub..."
 
"BMT HƏMAS qatillərinə qoşulmaqla özünü tarixin "qara siyahı"sına salıb..."
 
Birləşmiş Millətlər Təşkilatı İsrail səfiri Qilad Erdanı yəhudi dövlətinin münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatların "qara siyahı"sına daxil edilməsi barədə məlumatlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
 
Bu siyahıda Əfqanıstan, Kolumbiya, Konqo, İran, Mali, Myanma, Somali, Sudan, Yəmən, Suriya, Rusiya, habelə İŞİD və "Əl-Qaidə" təşkilatları da var.
 
İsrail Milli Təhlükəsizlik Şurası BMT-nin bəyanatına cavab olaraq mümkün tədbirləri müzakirə edib.
 
YUNİSEF-in 2024-cü ilin mart ayına olan məlumatına görə, İsrailin HƏMAS-la müharibəsi nəticəsində Qəzza bölgəsi ərazisində 13 min uşaq həlak olub.
 
On il öncə hüquq müdafiəçiləri 2014-cü ildə döyüş əməliyyatları nəticəsində Qəzza bölgəsində yüzlərlə uşağın həlak olması səbəbindən İsraili pozucular siyahısına salmağı təkid edib.
 
"Qara siyahı" iki hissəyə bölünüb. Bunlar uşaqların müdafiəsi üçün tədbirlər görən və belə tədbirləri görməyən təşkilat və ya partiyalardır. 2023-cü ilin yayında BMT Ukrayna ərazisində döyüş əməliyyatları fonunda Rusiya ordusunu da bu siyahıya salıb.
 
İsrailin BMT-dəki daimi nümayəndəsi bu addıma kəskin münasibət bildirib.
 
"Bu gün "qara siyahı"ya düşən terrorizmi şirnikləndirən və qərarları ilə İsrailə nifrət oyadan baş katibdir. İsrail Müdafiə Ordusu dünyünın ən yüksək mənəviyyatlı ordusudur.
 
Terrorçuların sağ qalmasına ümid verən, onları öz məqsədləri üçün uşaqlardan istifadə etməyə və müharibəni uzatmağa sövq edən baş katibə ayıb olsun", - Qilad Erdan bəyan edib.
 
Oxşar bəyanatla baş nazir Binyamin Netanyahu çıxış edib.
 
"Bu gün BMT HƏMAS qatillərinə qoşulmaqla özünü tarixin "qara siyahı"sına salıb. İsrail Müdafiə Ordusu dünyanın ən mənəviyyatlı ordusudur və BMT-nin heç bir xəyali qətnaməsi bunu dəyişməyəcək", - baş nazir bəyan edib.
 
Bu siyahıya düşmək İsrailin nüfuzuna zərbə vurur. Növbəti mərhələdə BMT xüsusi nümayəndəsinin məruzəsi hazırlanacaq və Təhlükəsizlik Şurasında baxılacaq.
 
Ən pis halda Quterrişin qərarının ardınca İsrailə silah tədarükünə embarqo qoyula bilər, Təhlükəsizlik Şurası bu tədbirə səs verə bilər, bu isə son dərəcə az ehtimal edilir.
 
Bu il aprelin sonunda Quterriş HƏMAS-ı münaqişələr zonalarında seksual zorakılıq törədən təşkilatların "qara siyahı"sına salmaqdan boyun qaçırıb.
 
Bu, BMT-nin silahlı münaqişələrdə seksual zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini daşıyan BMT baş katibinin müavini Pramila Patten tərəfindən hazırlanan məruzəyə rəğmən baş verib.
 
O, HƏMAS yaraqlıları tərəfindən "hərbi vasitə" kimi cinsi cinayətlər tətbiq edilməsinin yüzlərlə sübutlarını toplayıb.
Seçilən
135
20
moderator.az

10Mənbələr