AZ

Bakıda taksilər qeybə çəkilib, qiymətlər də yüksək:Problemin həlli nədir?

"İki gün əvvəl Xırdalan dairəsindən Abşeron Mərkəzi Xəstəxanasına taksi sifariş vermişdim. Taksini düz 17 dəqiqə gözləməli oldum. Halbuki sifarişim günün pik olmayan saatında idi".

Bu sözləri bizimlə söhbət zamanı mütəmadi taksi istifadəçisi olan sərnişin Nərgiz Məmmədova söyləyib. Onun sözlərinə görə, əvvəllər 3-5 dəqiqə intervalla gələn maşın, indi qarşılanma nöqtəsinə 15-20 dəqiqəyə çatır.

Həmsöhbətimiz son vaxtlar taksi tapmaqda çətinlik çəkməklə yanaşı, qiymətlərin yüksəldiyindən də gileylənib: "Əvvəl üç manat 20 qəpiyə getdiyim ünvana hazırda dörd manat 70 qəpik ödəyirəm".

Son günlər paytaxtda taksi fəaliyyəti ilə bağlı müəyyən ziddiyyətli məqamlar ortaya çıxıb. Belə ki, əvvəllər taksi əlindən tərpənmək mümkün olmayan Bakıda, indi taksilər sanki qeybə çəkilib. Taksi xidməti göstərən nəqliyyat vasitələrinə və sürücülərə qoyulan tələblər fonunda, bu nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur. Artıq ölkədə taksi şirkətlərindən biri rəsmi şəkildə fəaliyyətini dayandırdığını bəyan edib. Digər bir şirkət isə qiymətləri doqquz faizə qədər bahalaşdırdığını açıqlayıb. Nəticədə həm taksilərin sayının azalması, həm də qiymət artımı fonunda vətəndaşlar hətta günün pik olmayan saatlarında belə taksi tapa bilmirlər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Taksi sayına məhdudiyyət qoyulması gözlənilir

Bu ilin aprel ayından taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə yaydığı açıqlamada bildirib ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyulması gözlənilir: "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər".

Maraqlıdır, görəsən, bundan sonra Azərbaycanın taksi bazarı hansı istiqamətdə inkişaf edəcək? Bizi qarşıda nələr gözləyir? Yeni qaydalar təkcə qiymətləri artıracaq? Yoxsa keyfiyyətdə də dəyişiklik hiss edəcəyik? Ümumiyyətlə, son vaxtlar taksilərin gəlişində müşahidə olunan gecikmələr nə ilə bağlıdır?

Say iki dəfədən çox azaldılacaq

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda taksi bazarında aparılan islahatlar bu fəaliyyət növü ilə məşğul olan nəqliyyat vasitələrinin sayını iki dəfədən çox azaldacaq: "İstehsal ili səkkiz ildən çox olan, "Avro-5" standartına uyğun olmayan və digər tələblərə cavab verməyən nəqliyyat vasitələri taksi kimi fəaliyyət göstərməyəcək. Ona görə də taksilərin yarıdan çoxu, hətta üçdə ikisi işləyə bilməyəcək".

Ekspertin sözlərinə görə, əslində Bakıda taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sayı həddindən çox idi: "Biz dünya standartına baxsaq görərik ki, iri şəhərlərdə hər 1000-2000 nəfərə bir taksi düşür. Bakıda təxminən dörd milyon əhaliyə 60 mindən çox taksi xidmət göstərir. Lakin bu rəqəmlər 8000 ədəd civarında olmalıdır. Bu baxımdan taksilərin sayının azaldılması qaçılmaz idi".

Ekspert vurğulayıb ki, taksilərin sayı azaldıqca, bu, qiymət artımına gətirib çıxaracaq: "Tələbə uyğun təklif az olduğuna görə, bu sahədə defisit yaranacaq. Buna görə yaxın gələcəkdə taksi bazarında qiymət artımını hiss edəcəyik. Yəqin ki, iyulun 1-dən artım daha çox müşahidə olunacaq".

"İyulun 1-də taksilər daha gec gələcək"

Mütəxəssis taksilərin gəlişində müşahidə olunan gecikmələrin iyulun 1-dən sonra daha çox müşahidə ediləcəyini də qeyd edib: "Mən özüm də hərdən taksidən istifadə edirəm. Amma hələ ki, gecikmə ilə rastlaşmamışam. İndidən gecikmələrin olması doğru deyil. Çünki hələ ki qadağalar qüvvəyə minməyib. Biz gecikmələri iyulun 1-dən daha çox müşahidə edəcəyik. Necə ki, İstanbul, Moskva kimi böyük şəhərlərdə sərnişinlər uzun müddət taksi gözləyirlərsə, Bakıda da vəziyyət eyni olacaq".

Tıxaclar taksiləri ləngidir

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə mövcud durumu dəyərləndirməkdə çətinlik çəkdiyini söyləyib. Onun fikrincə, gələcəkdə taksi sahəsində vəziyyətin necə olacağını indidən proqnozlaşdırmaq qeyri-mümkündür: "Çünki bununla bağlı bizdə kifayət qədər məlumat yoxdur".

Ekspert həmçinin son vaxtlar taksilərin gəlişində müşahidə olunan gecikmələri yollardakı tıxaclarla əlaqələndirib: "Əslində taksilərdə gecikmə olmamalıdır. Hələ ki, əvvəlki qaydada fəaliyyət göstərirlər. Bu gecikmələr yollardakı vəziyyətlə bağlıdır".

"Qiymət artımı 7-15 faizdən çox olmamalıdır"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev taksi bazarının gələcəyi ilə bağlı nikbindir. Deputatın fikrincə, bu istiqamətdə atılan addımlar taksi sahəsində mövcud xaosun aradan qaldırılmasına yönəlib: "Bununla bağlı hər gün yüzlərlə şikayət eşidirdik. Bundan başqa, taksi sürücüsü gün ərzində 10-15 saat işləmək məcburiyyətində idi. Hətta elə olurdu ki, rayondan gələn taksi sürücüləri avtomobillərində gecələyirdilər. Bunun fəsadları ağlabatan deyildi. Ona görə taksi sektorunu əhatə edən qanunvericilik bazasının təkmilləşdirilməsi labüd idi. Təbii ki, bəzi sahibkarlar və sürücülər mövcud yenilikdən sui-istifadə etmək istəyirlər. Düşünürəm ki, yeni qaydalar ilk növbədə taksi sürücülərinin davranışında özünü göstərəcək. Burada bir çox müsbət məqamlar olacaq, eyni zamanda azad rəqabət artacaq. Bazarda xarici şirkətlərin monopoliyası artıq özünü göstərə bilməyəcək. Azərbaycanın taksi bazarı 3-4 xarici şirkətin əlində çəmləşmişdi. Bu, doğru deyil".

Millət vəkili qeyd edib ki, yeni qaydaların tətbiqi bu sahədə qiymət artımı ilə nəticələnəcək: "Biz parlamentdə taksi fəaliyyəti ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı belə qənaətə gəlmişdik ki, qiymətlər təxminən, minimum yeddi, maksimum 15 faiz civarında qalxa bilər".

Seçilən
186
12
musavat.com

10Mənbələr