Əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Yəni bu, məsələdə heç bir problem yoxdur.
Oxu24.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında çıxışı zamanı deyib.
Sədr müavini hər zaman qohum evliliyinin əleyhinə olduğunu bildirib: “Kimsə deyəndə ki əmioğlu və əmiqızının nikahı göydə kəsilir, zarafatla deyirdim ki, onlar göydə yox, yerdə yaşayır”.
Komitə rəsmisi vurğulayıb ki, erkən nikahlarla bağlı dindən sui-istifadə edilir:
“İslamda bunun qadağan olunmadığı əsas gətirilərək erkən nikaha girirlər. Bugünkü dövr üçün 14 yaşda nikah anormal sayılır. Bu gün yas mərasimlərində olan, qəbiristanlıqlarda dua oxuyan qeyri-rəsmi din xadimlərinin sayı on minlərlədir. Ancaq rəsmi təyinat alan din xadimlərinin sayı isə min nəfərdən çox deyil. Təsir mexanizmlərimiz həmin şəxslərin sayı civarındadır. Ona görə də maarifləndirmə işlərinin gücləndirilməsi mütləqdir”.