Facemark.az Rafiq Hunaltayın "Gözlənilən peşmanlıq" adlı köşə yazısını təqdim edir!


Karyera ortasında bir çox problemlər bəzən eyni vaxtda və ya dalbadal gəlir. Problem ona görə ki, onların bir çoxu insanın həyatında ilk təcrübə olur. Və bir çox hallarda insan buna şüurlu hazır olmur, hazır olmaq istəmir. Orta yaş karyera böhranına nələr daxildir;

- Valideynlərin itirilməsi
- Sağlamlıqda yaranmağa başlayan problemlər
- Uşaqların böyüməsi və onun özü ilə bərabər gətirdiyi narahatlıq
- Uşaqların evdən ayrılması
- Çevrənin dəyişməsi, daralması
- Enerji azlığı
- Münasibətlərdə qarışıqlıq
- Qeyri-müəyyən istəklər
- Müqayisə və oyanma
- Anlıq məmnuniyyətin yerini uzun müddətli məmnuniyyətə verməsi və ya buna cəhd

Siyahını uzatmaq olar, amma burada yazmaq istədiyimiz fikir bunları öncədən biləndə adekvat reaksiya verə bilməyimizdir. Adekvat deyəndə nəyi nəzərdə tuturuq və ya niyə, necə adekvat reaksiya verilməlidir?!

Məsələn, valideynlərin səhhətində problemlər yaranmağa, artmağa başlayır. Siz amma onu itirməyi düşünə belə bilmirsiz. Adekvat reaksiya çətin olsa da ona o gəlmədən öncə hazırlaşmaqdır. Öz sağlamlığınızda problemlər başlayıbsa panikaya gərək yoxdur, normaldır, sağlam həyata keçin. Enerijiniz azalıb? Çox normaldır, necə olmalı idi ki? Uşaqları idarə etmək çətinləşib? Normaldır, özünüzü yada salın, nə düşünürdüz o vaxtı, nə kimi dəlisov hərəkətlər edirdiz? Dostlarınız azalıb və ya tərkibi dəyişib? Çox normaldır. Arzulanmadığınız yerdə olmaq, zorla hansısa çevrəyə aid olmaq, kiminsə diqqətini çəkməyə cəhd necə də israfdır. Bu eqo deyil, amma dəqiqdir ki, öz çevrənizin mərkəzi olmaq lazımdır.

Nəsə arada nə istədiyinizi bilmirsiz? Normaldır, belə olanda günlük rutinləri əyləncəli hala gətirmək, yeni hobbilər qazanmaq lazımdır.

Həyatı müqayisədə yaşayanlar heç vaxt doymayacaqlar. Daha daha deyərək bir çox şeylərə daha çox gecikdiyini anlayanda gec olacaq. Bu hal yaşanırsa, fərqində olmağq çalışacaqsız ki, onunla necə mübarizə aparmaq olar biləsiniz. Anlıq məmnuniyyətə orta yaşa qədər daha çox yer verirdizsə, artıq stabillik hissi gəlibsə, narahat olmayın. Bu da normaldır. Ümumiyyətlə, bunları belə izah edək. Həyatda əlinə ilk dəfə isti su tökülən adamın keçirdiyi hissi düşünün. Proses normaldır, həyatda belə şeylər olur. Amma ilk dəfə fərqli reaksiyalar verilir. Karyera ortası böhranların bir çoxunu ilk dəfə yaşadığımızdan fərqli reaksiyalar, daha doğrusu qeyri-adekvat reaksiya verməmək üçün ona öncədən hazır olmaq lazımdır. Diaqnozu özün qoya bilməlisən ki, növbəti addımı dərhal ata biləsən.

Hazır olmadığın, bilərək və ya bilməyərək hazırlaşmaq istəmədiyin hadisələrlə qarşılaşanda nə olur? Gözlənilən peşmanlıq!

Xoşbəxtlik dərkdən sonrakı prosesdir, nəticə deyil.

Biz onu nəticə kimi gördüyümüz andan uduzmağa başlayırıq. Prosesi mükəmməl görün, prosesdən zövq alın. Qalan hər şey çox qısadır. Pessimistlər düzünü deyir, optimistlər pul qazanır. Gözlənilən peşmanlıq yaşamamaq üçün gözləməyi bacarmaq, gözlənilən olmağı bacarmaq və təbii ki, dörd göz olmaq lazımdır.