2022-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 609 intihar hadisəsi qeydə alınıb.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.
Qeyd edilib ki, intihar edən şəxslərdən 457-i kişi, 152-i qadın olmuş, o cümlədən 42-si yetkinlik yaşına çatmayan şəxslər olub.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə 2015-ci ildə təqdim etdiyi rəqəmlərlə 2019-cu ildəki rəqəmləri qarşılaşdırdıqda hər 100 min nəfərə düşən intiharla ölümün 3, 1-dən 4, 1-ə yüksəldiyi görünür.
Pandemiya dönəmindən və 2-ci Qarabağ müharibəsindən sonra da intiharlarda artım özünü göstərir. Burada müharibə sonrası travmaların da rolu vardır. İntihar edənlərin gender balansı da Azərbaycanda dünya ortalamasından kəskin şəkildə fərqlənir. Azərbaycanda 2015-ci ildə hər 1 qadına nisbətdə 4, 82 kişi intiharı qeydə alınıb ki, bu da qadınlara nisbətdə kişilərin 5 dəfəyə yaxın çox intihar etdiyini göstərir. Bu statistika qlobal statistikada intihar edən kişi-qadın nisbətindən 2, 2 dəfə çoxdur.
İntiharla ölüm faktı regional statistikada da yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə Avropada 50 ölkə arasında ən aşağı intihar sayı olan ölkə kimi göstərdiyi Azərbaycan 2019-cu il statistikasında 4 pillə geriləyib.
Araşdırmada diqqət çəkən önəmli məsələlərdən biri də intiharların mediada və sosial şəbəkələrdə işıqlandırılmasının onun artımına təsir etməsidir. Mütəxəssis sorğularında da bu qənaət ön plana çəkilir.