AZ

Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub

İyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazilərdə yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb.

Araşdırmalarla göstərilən ərazidə ümumilikə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə və vəzifə səlahiyyətlərin sui-istifadə maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin həmin ərazidə 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları üzrə mediada yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb və Cinayət Məcəlləsinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxil işlər orqanlarına göndərilib.

Qeyd olunur ki, 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları nəticəsində təbiətə dəymiş 371 min manatdan artıq ziyanın Baş Prokurorluq tərəfindən dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.

"Hazırda qeyd olunan cinayət işləri üzrə ibtidai istintaq davam etdirilməklə, qanun pozuntularına yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək", - deyə məlumatda qeyd olunub.
Seçilən
67
49
7news.az

10Mənbələr