AZ

“Boz qurdlar” yarımfinal yolunda Türkiyənin ulduz oyunçusu cəzalandırıldı

İyulun 5-də Avropa Çempionatının yarımfinalçılarının müəyyən olunması üçün 2 oyun start götürdü. Bakı vaxtı ilə saat 20:00-da İspaniya-Almaniya, 23:00-da isə Portuqaliya-Fransa qarşılaşmaları keçirildi.

Bu gün isə yarımfinal yolunda son iki oyun baş tutacaq. Saat 20:00-da İngiltərə-İsveçrə, 23:00-da isə Türkiyə-Hollandiya qarşılaşmaları keçiriləcək.  

Təbii ki, bu iki oyunda əsas diqqətlər qardaş Türkiyənin millisinə yönələcək. Azərbaycanda, o cümlədən bütövlükdə türk dünyasında azarkeşlərin qəlbi qardaş ölkə ilə vuracaq. Elə dünyada da bu oyuna maraq çox yüksək olacaq. Buna səbəb də, son günlərdə türk millisinin Avstriya qapısına iki qol vuraraq, komandasını 1/4 mərhələsinə daşıyan futbolçu Melih Demiralla bağlıdır. Sonuncu qolundan sonra oyunçu boz qurd işarəsi göstərərək, bütün türk düşmənlərinə dərs keçmişdi... Bu isə anti türk düşmənləri tərəfindən qıcıqla qarşılanmışdı. Almaniya tərəfinin müraciəti əsasında futbolçu barədə UEFA araşdırma başlatmışdı. 

Hər kəs türk millisi ətrafında yaranan bu qalmaqala sərt etiraz bildirir, burada türklərə qarşı qərəzin açıq formada özünü göstərdiyini qeyd edir.  

Artıq Melih Demirala sosial şəbəkələrdə və idman meydançalarında ciddi dəstək verilməyə başlayıb.

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatında qızıl medal qazanan  türkiyəli Alperen Berber “boz qurd” işarəsi tutub. Bununla da o, idman karyerasına ola biləcək bütün mümkün riskləri göz altına alaraq, Merih Demirala dəstək olub.

Artıq UEFA İntizam Komissiyası qərarını dünən açıqladı. Melih Demiral iki oyun cəzalandırıldı. Bu o deməkdir ki, ay-ulduzlular yarımfinala çıxsalar belə, Melih Demiral yarımfinal oyununda da iştirak etməyəcək. 

Türkiyə millisinə qarşı olan bu qərəzin əslində onların xeyrinə ola biləcəyi ilə bağlı da futbol mütəxəssislərinin fikirlərinə rast gəlirik. Burada əsas amil kimi türk oyunçularının əzmkarlığı göstərilir. Amma indiyə qədər Avro-2024 çərçivəsində keçirdiyi 4 oyundan çıxış edərək, Hollandiya səddini keçməyin çox çətin olduğunu düşünənlər də az deyil. 

Fazil

 Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa qardaş Türkiyənin işini çox çətin görür: “Ümumiyyətlə, bu çempionatda kifayət qədər maraqlı oyunlar oldu, amma sürprizlər çox olmadı. Elə sürpriz Türkiyənin özü oldu. Türkiyə komandası bir sistem komandası deyil. Yenə də emosional bir komandadır. Belə milli ilə də uzaq məsafəyə getmək olmaz. Bu Fateh Terim dövrünün hansısa bir formadakı komandasıdır. Məsələn, biz  ”Qarabağ"la müqayisə etsək, klubumuz bir sistem komandasıdır. Orta səviyyəli bir oyunçu belə sistemin içərisində sabit oyun göstərə bilir. Amma Türkiyə komandası üçün bu xarakterik deyil. Təbii ki, Avstriya üzərində qələbə çaldı, amma burada müəyyən şansların da olduğunu qeyd etməliyik. Bu baxımdan emosional komandanın hara qədər gedəcəyini, harada söküləcəyini müəyyən etmək çətindir. Ümid edək, arzu edək ki, Hollandiya mərhələsini də keçsin. Amma Hollandiya da kifayət qədər texnikalı, nə oynadığını bilən, hədəfini dəqiq müəyyənləşdirən bir komandadır. Şans olarsa, Hollandiyanı da keçmək mümkündür. Amma böyük ehtimalla bu komandanın gücünü bu oyunda daha çox ortaya qoyacağını proqnozlaşdırmaq olar".

Deputat çempionatdakı favorit ölkəni də açıqladı: “Bu turnirdə daha çox favorit kimi oyun disiplini, intizamı, sistemi olaraq Almaniyanı görürəm. Çünki Almaniya bu turnirdə bütün xətlərində əlaqələrin dəqiq qurulduğu bir komandadır. Hətta ispanlarda belə tam mənada bir-birini tamamlayan oyuna bəzən rast gəlmirsən. Fərdi qaydada hamısı texnikalı oyunçulardır. Kollektiv oyununa adaptasiya olunublar. Amma Almaniya qədər bu gücü, performansı göstərəcək komandaya hələ bənzəmirlər. Hər halda futbol dediyimiz kimi, sürprizlərlə doludur. Bu komandaların hər birinin şansları əslində bərabərdir. Oyunçuların əhval-ruhiyyəsi, əzmi, şansı məsələni həll edə bilər. Ona görə də, şanslı daha çox meydan sahiblərini görürəm. Amma digər millilər də sürprizlər yaşada biləcək komandalardır”.

Müsahibimiz Melih Demiral olayı barədə isə bunları deyib: “Merih Demirala qarşı intizam işi açması heç bir məntiqə uyğun deyil. Əslində bu, Avropanın məsələyə bəsit yanaşmasıdır. Bozqurd simgəsi göstərmək hansısa bir şəkildə terroru xarakterizə etmir. Bu, sırf mfik və simvolik bir yanaşmadır. Bu məsələlərə yanaşmada Avropanın özündə ağıllanma prosesi getməlidir. Bir idmançının simvol göstərməsini təhlükə kimi qiymətləndirmək olmaz. Sadəcə olaraq bu bir işarədir. Müəyyən bir dünya görüşünə inanmış insanlar üçün şövq yaradan addımdır. Buna qarşı bir addım atılarsa, sonrakı dövrdə başqa xalqların simgələrinə yanaşmalarda da qarışıqlıq yarana bilər. Sözsüz ki, bu yanlış davranışdır. Adam sevincini bu şəkildə ifadə edirsə buna qarşı çıxmaq mənasızdır”.

Aqil

Aqil Abbas

Deputat Aqil Abbas da hesab edir ki, bu, Avropada türklərə və türk simvoluna qarşı olan dözümsüz yanaşmanın təzahürüdür. O, teleqraf.com-a bu barədə danışıb: “Növbəti oyunda gərək Türkiyənin bütün futbolçuları və azarkeşləri Boz qurd işarəsi göstərsin. Belə mənasız mövqeyə ancaq bu cür cavab vermək lazımdır. Türkün adı gələndə özlərini itirirlər. Amma türkün qarşısını ala bilməzlər, Bozqurd türkün totemidir. Min illiklərdən bəri bu belədir. Bunu necə qadağan etmək olar? Hazırda Romada canavar heykəli var. Gərək gedib onu da söksünlər ki, bu, nifrət aşılayır”.

Aqil Abbasa görə, türk qorxusu, xofu aradan qalxmalıdır: “Dilənçi günündə olan Bolqarıstanı Avropa İttifaqına qəbul etdilər. Amma Türkiyənin qarşısına əlli dənə mənasız şərt qoydular. Bütün bunlar Avropada olan əsassız yanaşmaların göstəricisidir”.

Kənan

Kənan Məstəliyev 

Futbol mütəxəssisi Kənan Məstəliyev çox gərgin oyunların azarekeşləri gözlədiyini söylədi: “1/4 final çox maraqlı keçəcək, çünki turnir həlledici mərhələyə qədəm qoyur. Favoritlərin üz-üzə gələcəyi bu matçlarda azarkeşlər gərgin mübarizəyə şahidlik edəcəklər. Xüsusilə İspaniya-Almaniya və Fransa-Portuqaliya qarşılaşmalarını erkən finallar adlandırmaq olar. İlk cütdə meydan sahibləri turnirin ən formada olan, ən hazırlıqlı komandasına qarşı oynayacaqlar və işləri çox çətin olacaq, hətta ispanları qələbəyə bir addım yaxın hesab etmək olar. Almanlar xüsusilə də müdafiədə problemlər yaşayırlar, rəqib əks-hücumlarının qarşısını almaqda çətinlik çəkirlər. Fransızların da işi asan olmayacaq. Kriştiano Ronaldo və dostlarının özlərini sübut etmək istəyi çox böyükdür, Sloveniya ilə matçda baş verənlərin təsadüf olduğunu göstərməyə çalışacaqlar. Fransızların hücum xəttinin gözləniləndən zəif çıxış etməsi Didye Deşamı düşündürən məsələdir, problemin həlli üçün yollar axtarmalıdır. Hər halda, məhz fransızlar bu cütdən qalib ayrılmağa yaxın olan tərəf kimi görünür. İngilislər də ehtiyatlı oynamağın başını buraxmalıdılar. İsveçrə bir Slovakiya deyil, daha güclü, daha təhlükəli futbolçulardan təşkil olunub, əllərinə düşən imkanlardan daha düzgün yararlanırlar. Murat Yakın çox döyüşkən, eyni zamanda taktiki intizamı ilə seçilən bir kollektiv qurub və onları üstələmək üçün çox çalışmaq lazım olacaq. İngiltərə daha səviyyəlidir, amma bu səviyyəni meydanda bir daha sübut etməlidilər. Əks halda, bu Sautqeytin millinin başında son qarşılaşması olacaq”.

Futbol mütəxəssisi 1/4 mərhələsinin son oyunu barədə isə bunları dedi: “Niderland-Türkiyə matçı isə ayrı bir mövzudur. Xüsusilə, Merih Demiralın məsələsi bütün qardaş ölkə ictimaiyyətini narazı salıb və Avropanın ikili standartlarla çıxış etməsi, qərəz nümayiş etdirməsi vəziyyəti tamamilə dəyişib. Türkiyə bir futbol matçı yox, döyüşə çıxacaq. Bunun mənfi tərəfi ondan ibarətdi ki, rəqib çox güclüdür, istedadlı futbolçuların toplaşdığı bir komandadır və ani diqqətsizliyi də bağışlamırlar. Müsbət tərəf isə türklərin istəyidir. Bu istəklə onlar rəqibinə göz açmağa imkan verməyə, planlarını poza bilərlər. Proqnoz verilməsi ən çətin cütdür, burda hər şey baş verə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
152
22
musavat.com

10Mənbələr