Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə İstanbulda işıq, atəşfəşanlıq və dron şouları keçirilib.
“İki sahil” xəbər verir ki, qardaş ölkənin hər yerində bir-birindən rəngarəng və möhtəşəm tədbirlər təşkil olunub və Cümhuriyyət şövqü Türkiyə səmasını al-əlvan rənglərə boyayıb.
2023 pilotsuz uçuş aparatları ilə Cümhuriyyətin 100-cü ildönümü üçün xüsusi vizualların sərgiləndiyi tədbirdə atəşfəşanlıq və işıq şouları da olub. Dron şousunda dünya qlobusu, Türkiyə xəritəsi və Türkiyə bayrağı yaradılıb. Bir türk əsgərinin at üzərində təsvir olunduğu şouda "Türkiyə Yüzyılı" və "100. Yıl" tipoqrafiyası da çəkilib.
25 dəqiqəlik şou İstanbulun müxtəlif yerlərində qurulan baxış meydançalarında maraqla izlənilib. Baxış nöqtələri ilə yanaşı, İstanbul boğazının hər iki tərəfində toplaşanlar nümayişi əllərində türk bayraqları və alqışlarla müşayiət ediblər.