AZ

Yeni məzmunlu kitablar şagirdlərə problem yarada bilər - EKSPERT

2024-2025-ci tədris ilində VI sinif üzrə coğrafiya, VII sinif üzrə isə kimya, fizika, biologiya fənləri yeni məzmunda tədris olunacaq. Qeyd edilən dərsliklərdə edilən yenilənmə tədrisə necə təsir edəcək? Şagirdlər və müəllimlər bu dərsliklərə uyğunlaşa biləcəklərmi?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il bəzi orta məktəblərdə şagirdlər V və VI sinifdə təbiət fənni keçiblər. Bu pilot layihə olsa da, bəzi məktəblərdə şagirdlərin kimya, fizika, biologiya kimi fənnlər yerinə təbiət fənnini keçmələri onların biliklərini tamamilə fərqləndirir:

“Bu hal qəbul imtahanlarında müəyyən qədər çaşqınlıq yaradacaq. Dövlət İmtahan Mərkəzinin (DİM) 4-5 ildən sonra sual modellərini hazırlayanda hansı məzmunlu kitablardan istifadə edəcəyi şagirdlər arasında çaşqınlıq yarada bilər. Pilot layihə çərçivəsində 200-dən çox məktəbdə şagirdlər təbiət fənni, ölkənin digər 4400 məktəbində isə fizika, kimya, coğrafiya və biologiya fənlərini keçirlər. Belə çıxır ki, DİM bu şagirdlər üçün sual hazırlayanda sual kitabçaları fərqli olacaq. Həmin təbiət fənnini digər fənlərin kitabları ilə müqayisə etsək, görərik ki, bu fəndə geniş akademik bilgilər yoxdur. Ayrı-ayrılıqda geniş, amma təbiət fənni daxilində ümumi informasiya verilir. Bu hal həm müəllimlər, həm də şagirdlər üçün çətinlik yaradacaq. Həmin kitabların məzmunundakı dəyişiklik təbiət fənnini keçməyən məktəblərə də problem yarada bilər. Ona görə də bu kitablar heç də bütün məktəblərdə istifadəyə verilməyəcək. Hesab edirəm ki, bu kitabı yazanlar təbiət fənninin standartlarından, məzmunundan xəbərdar olmalıdırlar. Kor-koranə yeni standartlarla kitab yazmağa ehtiyac yoxdur. Biz şagirdlərimizə minimum informasiyalar verməliyik ki, gələcəkdə problemlər yaşamasınlar. Biz problemi o halda görəcəyik ki, qeyd edilən fənlər üzrə şagirdlərin təbiət fənnindən əldə etmədikləri bilikləri burada əldə etsinlər. Yaxud da təbiət fənnində o informasiyalar olubsa, yenidən vermək olmaz”.

Ekspertin sözlərinə görə, bu dərsliklər 4-5 ildən sonra qəbul imtahanlarında ciddi şəkildə problem yarada bilər:

“DİM indidən test bankında ayrıca səbətlər formalaşdırmalıdır ki, həmin kitablardan suallar salınsın. Təbiət fənnini keçən şagirdlər üçün fizika, biologiya, kimya, coğrafiya fənlərindən suallar fərqli olmalıdır”.
 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
1
modern.az

10Mənbələr