AZ

Azərbaycan dili xalqımızın milli -mənəvi sərvətidir ŞƏRH

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın dili və əlifbası təşkil edir. Dil xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Ana dili danışıq dili olsa da, əlifba əsasında aparılan yazı sistemi şifahi nitqin yazı şəklinə çevrilməsidir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə, ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-cı illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 23 ildir ki, ana dilimizlə bağlı bu əlamətdar günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.

Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir.

Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur.

2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Cənab Prezidentin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın milli- mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
8
sesqazeti.az

10Mənbələr