Bakı, 30 oktyabr, AZƏRTAC
“Fransa hakimiyyəti insan hüquqları və demokratiya anlayışlarını təzyiq alətinə çevirərək, bu və ya digər dövlətə qarşı istifadə edir. Halbuki “sari jiletlilər”in və Fransa həmkarlar ittifaqlarının aksiyaları zamanı rəsmi Paris demokratiyadan necə sui-istifadə etdiyini bütün dünyaya göstərdi. Bunlardan başqa, cari ilin əvvəlində Fransa polisinin mühacir gəncləri qətlə yetirdikdən sonra ölkədə baş qaldıran kütləvi aksiyaların polis tərəfindən xüsusi qəddarlıqla yatırıldığını da gördük”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi Yakub Aslan deyib. O bildirib ki, Fransa hər zaman müsəlman ölkələrinə qarşı qeyri-konstruktiv mövqedə dayanıb:
“Lakin Emmanuel Makron hökuməti radikal baxışları ilə daha çox seçilir ki, bu da təsadüfi deyil. Ən zəif və idarəetmə qabiliyyətindən uzaq olan hazırkı hökumətin əsas məqsədi həm özünün, həm ictimaiyyətin, həm də beynəlxalq aləmin diqqətini Fransadakı iqtisadi böhrandan, yanlış pensiya islahatlarından, Afrikadakı uğursuzluqlarından, bir sözlə dünya siyasətində nəinki aktiv, azacıq iştirakını da təmin edə bilməməsindən yayındırmaqdan ibarətdir”.
Siyasi ekspert nəzərə çatdırıb ki, Ermənistan məğlubiyyətini qəbul etdiyi halda Fransanın Azərbaycana və qardaş ölkə Türkiyəyə qarşı neqativ mövqeyi və həqiqəti əks etdirməyən bəyanatları Makronun ağır durumundan xəbər verir.
E.Makronun hakimiyyəti dövründə Fransa xalqının sosial iqtisadi vəziyyəti 2 dəfə aşağı düşüb, inflyasiya 11 faiz yüksəlib. Pensiya islahatları isə sosial partlayışla nəticələnib. Bu və digər faktlar Fransanı yenidən müstəmləkə siyasətinə qayıtmağa sövq edir.
Müasir dünyada yeni iqtisadi modellərin tətbiq edildiyi halda Fransa müstəmləkəçilik siyasəti yürütməyə üstünlük verir ki, bu da təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müstəmləkəçilik tarixən Fransada mövcud olub. Azsaylı xalqları istismar etmək, təsiri altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Fransada ənənəvi iqtisadi model kimi qəbul edilib. Əslində, Fransanın rəsmi Yerevanın qeyri-konstruktiv və sülhdən qaçan siyasətini dəstəkləməsi və Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi heç də ermənilərə olan sevgisindən irəli gəlmir. Makron hökumətinə Ermənistanı təsir altında saxlamaq, iqtisadi fayda əldə etmək daha çox maraqlandırır. Lakin müasir dünyada bu siyasi xəttin uğurla nəticələnəcəyi mümkün deyil. Fransanın Afrikadan qovulması buna bariz nümunədir. Afrikadan qovularaq Cənubi Qafqazda məskunlaşmağa çalışan Fransanın bu siyasəti uzun sürməyəcək. Seçkilər yaxınlaşır və ölkəni böhran vəziyyətinə salan Makron və onun partiyasının yenidən seçkilərdən qalib çıxacağı böyük sual altındadır.