Dünən ABŞ-ın Ermənistandakı səfiri Krsitina Kvin Azərbaycanla şərti sərhəddə peyda olub, Avropa Birliyinin (AB) yarım-casus müşahidə missiyasının üzvləri ilə birgə biz tərəfi seyr edib. Qərb missionerləri sərhəddə nə axtarır, nə itiriblər bilinmir...
Məlumata görə, səfirin Ermənistana bu reveransı Qafanda (Qərbi Zəngəzur) Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunan tədbir çərçivəsində edilib. Kristina Kvin qubernator Robert Qukasyanla da görüşüb, “ABŞ-Ermənistan əməkdaşlığını dərinləşdirməyin mümkün yolları və ölkəsinin Ermənistanın suverenliyi, ərazi bütövlüyü və rifahına dəstəyini” müzakirə edib. Üstəgəl, Qarabağın erməni köçkünləri ilə bir araya gəlib.
ABŞ-ın İrəvandakı səfirliyinin Facebook səhifəsində Kvinin sərhəd ziyarəti ilə bağlı xəbərdə isə deyilir: “Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”...
Görəsən sülhpərvər “çuxası”nda bu sözləri izhar etmək üçün səfirin Azərbaycanla şərti sərhədə gəlməsinə nə lüzum? Axı bu qəbil gedişlər Bakıya münasibətdə xoş məram güdmür və ən əvvəl o anlama gəlir ki, “biz Azərbaycan tərəfdən Ermənistana hücum təhlükəsi ehtimalını hələ də ciddi qəbul edirik”.
Bu, doyasıyla həm də erməni radikal-revanşistlərdə və “müharibə partiyası”nda əlavə və yersiz stimul yaratmaq, anti-Türk ovqatını körükləməkdir. O zaman “o nə pəhriz, bu nə turşu”?
Yəni ABŞ rəsmiləri gerçəkdən də iki qonşu xalqın barışığını və sülh müqaviləsinin tezliklə imzalanmasını istəyirlərsə, onun yolu bu deyil axı. Barı sülh prosesinə pəl vurmasınlar...
Məxsusən xanım səfirin diqqətinə: Bakı-İrəvan sülh müqaviləsinə ən böyük əngəl bəlli - Ermənistanın müharibə qoxulu mənfur konstitusiyası! Amma nədənsə biz K.K. daxil, ABŞ rəsmilərinin bu yöndə hansısa narahatlığını, əndişəsini görmədik.
Bunun bağlı qapılar arxasında edildiyinə, İrəvanın “qulağına” “özünü ağıllı apar” mesajı pıçıldadıqlarına da əsla inanmırıq. Hər halda amerikalı səfirin erməni qubernatorla qədəh toqquşdurması bizdə belə nikbin təəssürat doğurmur. Əksinə.
Məgər ABŞ fərqində deyil ki, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları qaldıqca bu “izqoy” (dalan) ölkə nəinki rifaha qovuşmayacaq və təhlükəsizlikdə olmayacaq, onun ərazi bütövlüyü də daim təhdid altında qalacaq?!.
Bu minvalla sərhədə gəlib Azərbaycan ərazisini sanki düşmən ölkə olaraq müşahidə eləməyə bircə Kvinin müdiri E.Blinken çatmır.
O ki qaldı diplomatın Zəngəzurda erməni köçkünlərlə görüşünə, nədənsə belə siyasi sentimentallığı 35 il ərzində Bakıdakı ABŞ səfirindən azərbaycanlı qaçqın-köçkünlərə münasibətdə görmədik. Ona görə ki, biz erməni yox, türk-müsəlmanıq?
Yeri gəlmişkən, işğalı dövründə ABŞ Qarabağdakı separatçı-kriminal-xunta rejiminə hər il dövlət səviyyəsində (!!) maliyyə yardımı ayıran yeganə ölkə olub. Bunu hətta Rusiya, Fransa da etməyib. Yardımlar indi də davam edir. Amma köçkünlərə kömək adı ilə.
Hərçənd gün kimi aydındır ki, belə köməkliklər müstəsna olaraq erməni separatizmini ayaqda saxlamağa yönəlib. Lap dəqiqi, günün birində “erməni köçkünləri” kartından Azərbaycana qarşı təzyiq aləti qismində istifadə olunacağı istisna deyil. Ümumən on illərdir maşa kimi istifadə edilən erməni toplumu, Ermənistan kimi.
Erməni də elə bilir ki, tələdəki havayı pendir onun qara qaş-gözünə görə qoyulub...
Z.SƏFƏROĞLU