AZ

“Zahidin amalı bircə şey idi ki, fırıldaqçılıqla məşğul olsun, 5-3 qəpik pul qazansın” - ŞOK DETALLAR

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

Müzakirəyə çıxarılan məsələlərdən biri də 1-ci liqada adı qalmaqallı oyunlarla hallanan “İrəvan”la bağlı idi. Ölkənin ali futbol qurumunun qərarı ilə bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı etməsi, eləcə də maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən klub AFFA bayrağı altında keçirilən  yarışlardan kənarlaşdırılıb. Qurumun icraçı-vitse prezidenti Sərxan Hacıyev bu cəzanın səbəbini belə şərh edib:
“Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdi. Bir neçə ay öncə “İrəvan”ın 8 futbolçusunun adı danışılmış oyunlarla bağlı çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. “İrəvan”ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək”.

Azərbaycanın tarixi şəhərlərindən olan İrəvanın adını daşıyan klubun belə duruma düşməsi üzücü haldı. Bəs vəziyətin bu yerə gəlib çıxmasında günahkar kimdi? Bu barədə fikirlərini öyrənmək üçün klubun sabiq vitse-prezidenti Alı Alıyevlə danışdıq.

- Yəqin ki, xəbərdarsız. Başverənlərlə bağlı nə deyə bilərsiz?
- “İrəvan”la bağlı nə deyə bilərəm? AFFA klubu ləğv etdi.

- “İrəvan”ın fəaliyyətinin dayandırılması sizə necə təsir etdi?
- Çox pis. Təsəvvür edin ki, iki komanda yaradıb əsas liqaya çıxaran biri bunu “İrəvan”da bacarmadı. Nə var idi ki burda? Hər şey qayda-qanunla olduğu halda, heç bir problem olmazdı. Düşünün ki, Qərbi Azərbaycandan olanların hərəsi 1 manat ödəsəydi, elə 5-6 milyonluq büdcə edərdi. Ona da imkan vermədi. İnsan düzgün nəfəs almayanda onunla bacarmaq çox çətindi.

- Klub yarananda bütün futbol ictimiyyətinin bu adla bağlı gözləntisi böyük idi...
- Əlbəttə, böyük yüksək idi. Klub yaranan ərəfədə mən Qərbi Azərbaycan icmasında bir çox yoldaşlarla görüşürdüm. Mən geri çəkiləndən sonra hamı irad tutdu ki, neçə illik futbol bacarığını burda niyə göstərmədin? Mən də hər dəfə cavab verdim ki, göstərməli bir şey yoxdu, yaxında səsi çıxar. Artıq həmin səs də çıxdı, indisə həbsxanadadı.

- Vəziyyətin bu yerə gəlməsində günahkar kimdi?
- Günahkar? Zahid Niyazəliyev. Başqa kim olmalıdı ki?!

- Təkcə Zahid Niyazəliyevə görə klubun sonu belə oldu?
- Bütün hoqqaları Zahid çıxardı. İdarə heyətinin sədri Zülfüqar Kazımov da narazı qaldı və klubdan ayrılıb getdi. Ondan sonra da bütün günahlar Zahidin üstünə qaldı. Başqa kim günahkar ola bilər?!

- Siz klubdan niyə tez ayrıldız? Bəlkə daha bir müddət qalıb vəziyyətin bu yerə gəlib çıxmasına əngəl ola bilərdiz...
- Klubdan tez ayrılmağımın səbəbinə gəlincə, gördüm ki, rəhbərlik düzgün istiqamətdə deyil. Ona görə aralandım və rəhbərliklə yola gedə bilməyəcəyimi elə özlərinə bildirdim. Fırıldaqçı, yalançı adamla nə yol gedə, nə də hərəkət edə bilərsən. İndi bəlkə də klubda işləyən başqa şəxlər görməsin. Amma rəhbərlikdə çalışdığım üçün bütün başverənləri görürdüm.

- AFFA-dan ayrılan büdcə o qədər də az deyil. Liqanın qalan bütün klubları o büdcə ilə dolana bildi, amma “İrəvan” yox? Bəs həmin pul hara getdi?
- Onu deyə bilərəm ki, mən heç bir pul görmədim. Elə o vaxt topladığım futbolçu və məşqçi heyəti də pul görmədi. Baş məşqçi Elbrus Məmmədov niyə getdi? Çünki futbolçuların 3 aylıq maaşlarını vermirdilər deyə Elbrus da şərt kəsdi. Dedi ki, ya mən gedəcəm, ya da oyunçuların pulunu verin. Onlar da buna əməl etmədiyinə görə Elbrus getdi. Sonra Nazim Süleymanov komandanın baş məşqçisi təyin olundu. Nazimgilə də böyük vədlər verildi. Nazim də guya Azərbaycanda qapıçılarla işləyən məşqçi yoxdu deyə Rusiyadan Aleksandr Jidkovu gətirdi. Üstəlik yüksək maaşa. Jidkovu gətirirsənsə, ən azı ona bir ev tutmalısan, kiayəsini də verməlisən. O da gördü ki, alınmır, çıxıb getdi və FİFA-ya şikayət yazdı. FİFA-da AFFA-ya göstəriş verdi ki, mayın 1-nə qədər Jidkovun maaşı ödənilsin. Yenə də ona 1 qəpik belə ödənilmədi. Nə deyim, vallah. Rəhbərlikdə düz-əməlli biri olmadığına görə klub bu duruma düşdü. Onlar İrəvanın necə bir müqəddəs ad olduğunu heç cür təsəvvür edə bilmədilər. Bugünkü gündə də bizə necə lazım olduğunu başa düşmədilər. Məsələn, “Qarabağ” düzgün strategiya nəticəsində Avropaya səs saldı. Eyni zamanda Qarabağı da aldıq. “İrəvan” da elə olmalıydı, lakin etmədilər, edə bilmədilər və yaxud da o adın müqəddəsliyini dərk etmədilər. Nə olsun Qərbi Azərbaycandı? Zahidin amalı bircə şey idi ki, fırıldaqçılıqla məşğul olsun, 5-3 qəpik pul qazansın.

KAMAL SƏFƏR
Seçilən
162
50
football-plus.az

10Mənbələr