AZ

Atatürk Naxçıvanla sərhədi cibinin pulu ilə alıb?

Bu gün bir çox kitabda, dərslikdə, məqalədə və sosial mediada statuslarda belə bir fikir səslənir: “1920-ci illərdə Azərbaycandan qopmuş Naxçıvan İranla Ermənistan arasında sıxışıb qalmışdı. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk öz vəsaiti hesabına İrandan torpaq satın alaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin bugünkü sərhədlərini yaradır”.

Həqiqətənmi Atatürk bunu öz cibinin pulu ilə alıb?

Bolşeviklər Azərbaycanı 27 aprel 1920-ci ildə işğal etmişdi. O zaman Türkiyənin müttəfiq axtarışına ilk səs verən Lenin oldu. Çünki bu müttəfiqlik hər iki dövlətə lazım idi.

Türkiyəyə: Müttəfiqlərin müdaxiləsinə müqavimət göstərilməsi məqsədilə 23 aprel 1920-ci ildə Ankarada Türkiyə parlamenti Mustafa Kamalın rəhbərliyi altında milli ordunun yaradılması üçün toplanmışdı. Mustafa Kamalın rəhbərlik etdiyi milli hərəkata ümumi düşmənə qarşı mübarizədə Sovetlərin dəstəyi lazım idi.

Bolşevik Rusiyasına: Müstəmləkə idarəçiliyi altında olan müsəlman dünyasının britaniyalılara və fransızlara qarşı ayağa qaldırılmasında Türkiyənin nüfuzu lazım idi.

Bu müttəfiqlik məsələsində Atatürkün niyyəti Ermənistan və Gürcüstan üzərindən deyil, Azərbaycan üzərindən gediş-gəliş üçün sərhəd xətti yaratmaq idi. Xüsusilə Naxçıvan məsələsi onun diqqətində idi. 1921-ci ildə, hələ Moskva Sazişindən əvvəl Kastamonu millət vəkili, xarici işlər nazirinin müavini Bəkir Sami bəylə birlikdə Moskvaya nümayəndə heyətində təmsil olunan Yusif Kamal Tengirşenk Atatürk ilə görüşüb, “Paşa, ruslar Naxçıvanı təkidlə istəsə, nə edək?” deyə soruşub.

Mustafa Kamal Atatürk Naxçıvanın Ermənistana hədiyyə edilməsi fikrindən narahat olur və deyir: “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alın və əlinizdən gələni edin!” (Bax: Türk Dünyası Tarih Dergisi. Sayı 64. Nisan 1992. Sf: 5-6).

Türkiyə kəşfiyyatının verdiyi məlumata görə, Lenin hökuməti 1920-ci il avqustun 10-da erməni daşnak hökuməti ilə bağladığı müqaviləyə uyğun olaraq Naxçıvanı kağız üzərində ermənilərə vermişdi.

Təqdim etdiyim xəritəyə diqqət edin: 1929-cu il Türkiyənin sərhəd xəttlərini göstərən xəritədən görünür ki, bu tarixə qədər Naxçıvan və Türkiyə arasında sərhəd xətti olmayıb.

1921-ci il martın 16-da Türkiyə ilə bolşevik Rusiyası arasında bağlanmış Moskva müqaviləsi ilə Naxçıvan muxtar quruluş qazandı və başqa dövlətə buraxılmamaq şərti ilə Azərbaycanın ixtiyarına verildi.

Eyni məsələ 1921-ci il oktyabrın 13-də Türkiyə, bolşevik Rusiyası, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Qars müqaviləsi ilə də öz təsdiqini tapdı və Türkiyə Naxçıvanın Azərbaycana bağlı Muxtar Respublika olaraq qalmasının qarantı oldu. Sonrakı illərdə Ermənistan Zəngəzur kimi Naxçıvanı da ilhaq etməyə çalışsa da, Moskva və Qars müqavilələrinin müddəalarına uyğun olaraq Naxçıvan Azərbaycanın tərkibində “muxtar respublika” kimi mövcudluğunu davam etdirdi. Müqavilədən bir hissəni təqdim edirəm:

“Maddə 3: Razılığa gələn Tərəflər Müqavilənin 1-ci Əlavəsinin (C) bəndində müəyyən edilmiş sərhədlər daxilində Naxçıvan bölməsinin heç vaxt üçüncü dövlətə təslim olmamaq şərti ilə Azərbaycanın himayəsi altında muxtar rayon yaratmağa razılaşdılar.

Naxçıvan ərazisinin Araz talveq xəttinin şərqi ilə Tağna dağı (3829) - Vəli dağ (4121) - Bağırsık (6587) - Kömürlü dağ (6930) xətti arasında sıxılmış üçbucaqlı hissəsində bu torpaqlar Kömürlü dağdan başlayır və Saray Bulaka (8071) qədər uzanır. Ararat stansiyasından keçən və Qara su ilə Araz qovşağında bitən sərhəd xətti Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələrindən ibarət Komissiya tərəfindən müəyyən ediləcək”.

Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Bolşeviklər Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışırdılar. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmir, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradılır. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar. Lakin bu mübarizə və imzalanan sənədlərə baxmayaraq, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi.

Dosent, doktor Əhməd Özgirayın 1995-ci ildə “Atatürk Araşdırma Mərkəzi Jurnalı”nda dərc olunan məqaləsində və professor Nihad Erimin 1952-ci ildə yazdığı məqalədə İranın 1932-ci ildə aparılan danışıqlar nəticəsində razılaşmanı qəbul etdiyi və Kiçik Ararat bölgəsini Türkiyəyə verməyə razı olduğu yazılır. Müqaviləyə əsasən, sərhəd Araz çayının Qarasu çayının qovuşduğu yerdən başlayır, Boralan gölünə qədər Qarasu çayının talveqini (çayın yatağının ən dərin nöqtələrini birləşdirən xətt) izləyir.

Atatürk Türkiyənin ümumilikdə türk dünyası ilə ərazi baxımından əlaqəsinin kəsilməməsi məqsədilə İranla ərazi mübadiləsi, yəni torpaq dəyişikliyi edib. Lakin bu müqavilə və ərazi dəyişikliyi zamanı Atatürk cibindən pul verməyib. Bu yerdə bir məqamı qeyd etmək istərdim: istənilən hadisəni ümumi konteksdən çıxararaq dəyərləndirməyə çalışmaq bütün hallarda səhv nəticələrə gətirib çıxarır. Bu baxımdan haqqında danışdığımız məsələyə də baş verdiyi dövrün kontekstində baxmaqda fayda var.

O dövrdə Kiçik Ağrı dağı əvvəllər İran sərhədləri daxilində idi. Kürd tayfalarının üsyanları zamanı türk ordusundan qaçan üsyançılar İrana keçirdilər. Fürsət tapıb Türkiyəyə qayıtdılar və üsyanı davam etdirdilər. Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, İran bunların qarşısını almaqda çətinlik çəkirdi. Problemi daimi həll etmək istəyən Mustafa Kamal Atatürk 1932-ci il yanvarın 18-də o zamankı xarici işlər naziri Tofiq Rüştü bəyi Tehrana göndərdi. Atatürk sərhədi düzəltməyi və Kiçik Ağrını Türkiyəyə verməyi və bununla da üsyançıları nəzarət altına almağı qarşısına məqsəd qoymuşdu. Danışıqlardan sonra yanvarın 23-də İran sərhəd korreksiyasını qəbul etdi və Kiçik Ağrı dağı bölgəsini Türkiyəyə verdi. Bunun müqabilində Türkiyə hökuməti İrana Ağrı dağından 150 km aralıda, iki ölkə arasındakı 560 km-lik sərhəddən daha cənubda bir torpaq sahəsi verdi. Söhbət İranın uzun müddətdir tələb etdiyi və iki ölkə arasında problem olan Katur bölgəsi idi. Onu da xatırladaq ki, Tehranın ərazi mübadiləsini dərhal qəbul etməsində Atatürkün İran şahı Pəhləvi ilə qurduğu dostluğun rolu olub.

Vanın Kotur bölgəsindəki torpaqların Ağrı dağı və ətrafı müqabilində İrana verildiyi sözügedən müqavilə Türkiyə Böyük Millət Məclisi tərəfindən 19 iyun 1932-ci ildə “İmzalanan müqavilənin təsdiq edilməsi haqqında qanun” ilə təsdiqləndi. “23 may 1932-ci ildə Tehran Türkiyə-İran sərhəd xəttinin müəyyən edilməsi ilə bağlı” qərar 18 iyunda TBMM-də təsdiqlənir, 23 iyun 1932-ci il tarixdə “Rəsmi qəzet”də yayımlanır.

Bu torpaq mübadiləsi ilə Naxçıvanla Türkiyəni birləşdirən sərhəd xətti yaranıb.

Bu müqavilənin türk dilində də, ingilis dilində də tərcüməsi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin həmin ilin dekabrında hazırladığı hesabatın da surəti əlimizdə var. Bütün bu sənədlər göstərir ki, İran və Türkiyə arasında sərhəd və torpaq məsələsi iki tərəfin də maraqları naminə həll edilib, pul qarşılığında deyil.

Hazırda iki dövlət arasında gediş-gəliş Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi - Dilucudur. Məntəqənin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. “Dilucu” sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir.

Müqavilənin qəbul edildiyi 18 iyun 1932-ci il tarixli parlament protokolunda belə bir məlumat yoxdur. Əgər kimdəsə belə sənəd və fakt varsa bizi çox sevindirə bilər.

Seçilən
679
3
axar.az

10Mənbələr