AZ

Tehran və Ankara Cənubi Qafqazda təsirini artıra bilər - Siyasi şərhçi

İran Prezidenti İbrahim Rəisinin noyabrın sonunda Türkiyəyə səfəri gözlənilir. Türkiyə xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bir neçə gün əvvəl Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında da bu barədə fikirlər səsləndi. İndiki həssas məqamda, dünyada ciddi geosiyasi kataklizmlərin baş verdiyi bir vaxtda iki qonşu ölkə liderinin ehtimal edilən görüşü mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, dövlət başçıları qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə yanaşı, Yaxın Şərqdə HƏMAS- la İsrail arasında davam edən müharibəni də müzakirə edəcəklər. Ekspertlər prezidentlərin görüşünün ciddi nəticələr vəd etdiyini proqnozlaşdırırlar. 

Bu barədə “525” ə danışan siyasi şərhçi Mübariz Göyüşlü söylədi ki, İran və Türkiyə regional miqyasda bölgənin ən güclü dövlətlərindəndir, eyni zamanda qlobal miqyasda da müəyyən qədər söz sahibi oyunçulardandır: "Bu mənada hər iki dövlət başçılarının və müxtəlif strukturlarının qarşılıqlı əlaqələri, səfərləri, sənədlər imzalaması, birgə çalışmalar həyata keçirmələri, ortaq layihələr üzərində çalışmaları ölkəmiz üçün də faydalıdır. İsrail-Həmas-Fələstin arasında yaranan durumu nəzərə alsaq, hesab edirəm ki, İran Prezidentinin Türkiyəyə səfəri, əsasən,bu mövzunun müzakirəsinə və addımların atılmasına səbəb ola bilər. İran və Türkiyənin əməkdaşlığı həm də Cənubi Qafqaz üçün faydalıdır. Bilirik ki, 3+3 formatında İranda sonuncu dəfə görüş keçirildi. İran-Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya rəsmiləri səviyyəsində müsbət məqamlar gündəmə gəldi. İranın Türkiyə ilə əməkdaşlığı və bu əməkdaşlıqda perspektivdə Azərbaycanın da yer alması iqtisadi, siyasi və digər istiqamətlərdə tərəflərin faydalı nəticələrin yaranmasına gətirib çıxara bilər. Xatırladım ki, əvvəllər İran, Türkiyə, Azərbaycan əməkdaşlığı mövcud olub və düşünürəm ki, İran Prezidentinin səfərində bu məsələlər də gündəmdə ola bilər, gələcəkdə bu üç tərəfli formatın bərpa edilməsi mümkündür".

Analitikin sözlərinə görə, Yaxın Şərq hazırda gərgin dönəmdən keçir: "İsrail-Həmas-Fələstin arasındakı gərginlik bütün bölgəyə və hətta dünyaya siraət edib. Biz bu məsələyə görə digər  ölkələr arasında da gərginliklərin şahidi oluruq. Həm İranın, həm də Türkiyənin Yaxın Şərqə, o cümlədən İsrailə, Fələstinə və HƏMAS-a təsir imkanları mövcuddur. Düşünürəm ki, ölkələr öz potensialını birləşdirərsə, həm problemin həllinə nail ola bilərlər, həm də gələcəkdə Yaxın Şərqdə və ətraf ərazilərdə çox ciddi şəkildə söz sahibi ola bilərlər. Amma bu ölkələrin bir-birinə qısqanclıq zəminində və yaxud hansısa problemli şəkildə yanaşması onları həm zəiflədə bilən məsələ olur, həm də təsir imkanlarını azaldır. Bu mənada Yaxın Şərq probleminin həllinin həm də iki ölkə arasında problemin həllində rolu ola bilər".



Analitik qeyd etdi ki, prezidentlərin görüşü Cənubi Qafqaz üçün də əhəmiyyətlidir: "İran və Türkiyənin Cənubi Qafqazla bağlı həm ciddi planları var, həm təsir imkanları var. Hesab edirəm ki, onlar bir əməkdaşlıq formatı müəyyən edərək Cənubi Qafqazda öz təsirlərini artıra bilərlər.

Azərbaycanla İran arasında razılaşdırılmış məsələyə görə yol çəkilməsi, körpü çəkilməsi və nəqliyat əlaqəsinin Zəngəzur dəhlizinin İran üzərindən keçib Naxçıvana oradan da Türkiyəyə getməsi məsələsi gündəmdədir. Bu proseslər artıq başlayıb və iki ölkənin prezidentlərin arasında bu məsələnin müzakirə olunması tamamilə təbiidir".

O, vurğuladı ki, Zəngəzur dəhlizinin mövcudluğu İranın, Türkiyənin, Azərbaycanın da beynəlxalq təhlükəsizlik sistemində mühüm rol almasına gətirib çıxara biləcək məqamlardandır: " Hər iki dövlətin bu məsələdə ortaq mövqe nümayiş etdirməsi elə bizim də xeyrimizədir. Çünki  bu 3 ölkə qonşudurlar və ciddi əməkdaşlıq əlaqələri olan ölkələrdir".

Aytac FUADQIZI






















Bizi İnstagramda izləyin

Seçilən
134
3
525.az

5Mənbələr