AZ

Osman Nurməhəmmədov 1/4 finalda uduzdu - Paris-2024-də

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Aminlə üz-üzə gəlib.

Nurməhəmmədov rəqibinə məğlub olub – 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.

Xatırladaq ki, Osman Nurməhəmmədov Olimpiadada mübarizəyə 1/8 finaldan başlamışdı. O, Monqolustandan olan Bat Erden Byambasurenlə mübarizədən 11:2 hesablı qələbə ilə ayrılmışdı.

Bu gün mübarizəyə başlamış Azərbaycanın digər sərbəst güləşçisi Əliabbas Rzazadə də uğursuz çıxış edib. 57 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevə məğlub olub – 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Hər iki çəki dərəcəsi üzrə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.

Bu gün daha bir güləşçimiz – Yunan-Roma güləşi üzrə yığmamızın üzvü Həsrət Cəfərov da bürünc medal uğrunda mübarizə aparacaq. Cəfərov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Seçilən
67
1
arena.az

10Mənbələr