AZ

Parisdə Olimpiya mükafatçılarımızla görüş olub

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən Azərbaycan Olimpiya Evində idmançılarımızın qələbəsinə həsr olunmuş növbəti görüş keçirilib.

Sportnet.az xəbər verir ki, görüşdə Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanan idmançılarımız Alfonso Dominqes, Georgi Meşvildişvili, eləcə də Olimpiadanın final mərhələsində uğurla çıxış edərək 5-ci yeri tutan bədii gimnastika üzrə qrup hərəkətləri komandamız alqışlarla qarşılanıblar. Tədbir iştirakçıları idmançılarımızı qələbələri münasibətilə təbrik edib, onlarla qürur duyduqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Olimpiya komandasının üzvləri, Olimpiya və dünya çempionları, müxtəlif ölkələrin idman nümayəndə heyətlərinin nümayəndələri, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, Azərbaycan diasporunun nümayəndələri, xarici qonaqlar, media mənsubları və digər şəxslər iştirak ediblər.

Xarici ölkələrin idmançı və mütəxəssisləri və tədbirdə çıxış edənlər Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışları münasibətilə ölkəmizi təbrik ediblər. Tədbirdə həmçinin XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan Milli Olimpiya Komandası bayraqdarlarının adları açıqlanıb. Bayrağımızı daşımaq şərəfi taekvondoçumuz, Olimpiadanın gümüş medalçısı Qaşım Maqomedov və bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın ən təcrübəli üzvü Zeynəb Hümmətova həvalə edilib.

Tədbir gənc müğənni Mərdan Kazımovun ifasında müxtəlif Azərbaycan musiqiləri ilə davam edib.


Seçilən
2
4
sportnet.az

5Mənbələr