AZ

İranın Qafandakı Baş konsulunun demarşı: Vəramin Tehranın rəsmi kursuna meydan oxuyur?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran hakimiyyəti Azərbaycanla münasibətləri normallaşdırmaq məqsədilə müəyyən addımlar atır. Ötən illərdə buraxılan səhvləri, yanlışlıqları düzəltməyə səy göstərir. Bu xoşməramlı davranışın artıq müəyyən nəticələri də var. Azərbaycanın Tehrandakı səfirliyi tam tərkibdə işini bərpa edib. Eyni zamanda, Naxçıvan yolu fəaliyyət göstərir. Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İranın daha sonra baş verən helikopter qəzasında ölən dövlət başçısı İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib. Prezidentlər "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarını işə salıblar. İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində Azərbaycanın Baş naziri Əli Əsədovun iştirak etməsi də bu istiqamətdə atılan addımların rəsmi Bakının münasibətlərin normallaşmasına verdiyi qarşılıqdır.
Qeyd olunmalıdır ki, İranın sabiq Prezidenti İbrahim Rəisi ölümündən əvvəl ölkəsinin qonşu və ümumilikdə müsəlman dövlətləri ilə münasibətlərin inkişafı, normallaşdırılması prinsipi əsasında fəaliyyət göstərməyə başlamışdı. Onun hökumətinin bu istiqamətdə bir sıra uğurları da olmuşdu. Məsələn, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmasını buna örnək göstərmək olar.
Məlum faciəli hadisədən sonra İranda keçirilmiş növbədənkənar prezident seçkisində Məsud Pezeşkian qalib gəlib. Azərbaycan lideri zəng edərək onu seçilməsi münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub.
Bu telefon danışığı zamanı İran prezidenti gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları Azərbaycan və İran arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Prezidentlər bir-birilərini ölkələrinə dəvət ediblər.
Baş nazir Əli Əsədov Tehranda Pezeşkianın andiçmə mərasimində ona bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini çatdırıb.
Bu qeyd olunanlar ikitərəfli münasibətlərlə bağlı qısa ştrixdir.
Ancaq təəssüf ki, İranın İrəvandakı səfiri və Qafandakı baş konsulu Ermənistandakı revanşistlər kimi davranır və açıqlamalar verirlər. İranlı diplomatlar bəzi hallarda daha irəli gedərək hətta erməni millətçilərini belə kölgədə qoyurlar.
Bir neçə nümunə ilə bunları təsdiqləmək mümkündür. İranın İrəvandakı səfiri Mehdi Sübhani bu yaxınlarda Ermənistan KİV-ə verdiyi müsahibədə Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş erməni sakinlərin "cəfakeşi" rolunu oynayaraq bildirmişdi: "Dağlıq Qarabağ (?! - red.) sakinlərinin hüquqları qorunmalı və nəzərə alınmalıdır". Bu azmış kimi, o, erməni sakinləri "Qarabağ xalqı" kimi təqdim etmişdi.
Belə bir məşhur deyim var: "Mazandaranda ayı az idi, biri də gəmi ilə gəldi".
Ermənilərin saxta iddialarının müdafiəçiləri az idi, İranın Qafandakı baş konsulu Mürtəza Abedin Vəramin də özünü bu cərgəyə qoşub. O, "Sputnik Ermənistan" saytına müsahibəsində panfarsizmini və erməni saxtakarlığına sevgisini gizlədə bilməyib, buna heç cəhd də göstərməyib.
İranlı diplomatın saxtakarlığından bir nümunə: "İranla Ermənistan arasında dostluq və əlaqələr min illəri əhatə edir. Biz həmişə bir yerdə olmuşuq". Çox gülünc və "ermənilikdən artıq erməni olmaq" yanaşmasıdır. Birincisi, Cənubi Qafqazda Ermənistan adlı və erməni dövləti olmayıb. Bu, Vəraminin qulluq etdiyi ideologiyadan və bəhrələndiyi Firdovsinin "Şahnamə"sindəki uydurma nağıllardan qaynaqlanır. Türkləri aşağılayan Firdovsi o əsərində özünün uydurduğu İranın Turanla savaşından yazmaqla, mənsub olduğu etnik qrupu qədim göstərməyə çalışıb. Baş konsul da "İranla Ermənistanın min illəri əhatə edən dostluq və əlaqələri"ndən danışmaqla, Firdovsi ənənəsini davam etdirməyə çalışıb. Bu ölkənin indi daşıdığı İran adının isə heç yüz yaşı yoxdur. Hazırda İran adlanan ölkə daim türk tayfa və sülalələrinin adı ilə adlanıb: Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar, və s. "Persiya" adını isə bu ölkəyə türklərin regiondakı nüfuzuna, hegemonluğuna qarşı mübarizə aparan avropalılar verib. Odur ki, Mürtəza Vəraminin "ermənilərlə çoxəsrlik əlaqə" iddiası yersiz, məntiqsiz və əsassızdır.
Baş konsul iddia edir ki, İrəvandan minlərlə kilometr uzaqda yerləşən qüvvələr Ermənistandakı proseslərə müdaxilə etməyə cəhd göstərir, buranı "strateji qarşıdurma zonasına çevirmək istəyirlər". Təbii ki, burada söhbətin ABŞ və Fransadan getdiyi sirr deyil. Ancaq çox maraqlı və təəccüblüdür, Avropa İttifaqının (Aİ) Mülki Monitorinq Missiyasının Azərbaycanla Ermənistanın şərti sərhədində yerləşməsinə niyə baş konsul indiyədək irad bildirməyib? Axı, bu missiyanın hədəflərindən birinin həm də İran ərazisini müşahidə altında saxlamaq olduğu istisna edilmir. Yeri gəlmişkən, Vəraminin konsul kimi fəaliyyətə başlaması ilə bu missiyanın işinə start verilməsi eyni vaxta təsadüf edir.
O daha sonra bildirib: "Biz həmin ölkələrə deyirik ki, Ermənistan müstəqil dövlətdir. Buna hörmət etmək lazımdır". Bunun ardınca da o özünü təkzib edib: "Heç kəs ona kiminlə dostluq etməyi deməməlidir".
Nə oldu? Bəs minlərlə kilometrlik məsafədən gələnlərə qarşı çıxış etmək hara, "Ermənistan özü bilər" tezisi hara? Belə çıxır, baş konsul ABŞ-nin Ermənistanda hərbi təlim keçirməsinə, onu Fransa ilə birlikdə silahlandırmasına qarşı deyil. Ancaq məlumdur ki, İranın rəsmi mövqeyi kənar qüvvələrin regiona hər hansı müdaxiləsini birmənalı inkar edir. Bəs, onda minlərlə kilometr məsafədən Ermənistana gələn kimdir? Həmçinin diplomatı rəsmi Tehranın mövqeyinə uyğun olmayan fikirlər səsləndirməsi nədən irəli gəlir? Diplomat bu açıqlaması ilə Ermənistanın İranla hərbi, iqtisadi və enerji sahələrində əməkdaşlığına da ABŞ-nin göz yumduğunu ifşa edib. Bunun ardınca o, Rusiya-Ukrayna münaqişəsinə toxunaraq, bundan nəticə çıxarmağın vacibliyini deməklə Ermənistan cəmiyyətinin daxili işinə qarışıb.
Bu, Vəraminin əzbərlədiyi mətni çox tez unutmasından xəbər verir.
Baş konsul müsahibəsində özünü fars-erməni "dil bilicisi" kimi göstərməyə cəhd etsə də, burada ciddi səhvə yol verib: "Dillərimiz arasında da müəyyən oxşarlıq var. Məsələn, nənələr nəvələrinə "cigər can" deyir. Bu, fars mənşəlidir...".
Çox gülüncdür. Çünki "cigər" sözü ərəb, can isə türk mənşəlidir. Odur ki, Vəraminin bu məqamdakı panfarsizmi uğursuzdur. Ermənilərlə farsların eynimənşəli olmasına gəldikdə isə o özü də bilmədən regiona gəlmə olduqlarını təsdiqləyib. Çünki ermənilər, qaraçılar vaxtilə Hindistan ərazisindən çıxmış etnik qrupun nümayəndələridir. Mənbələr farsların onlarla qohumluğunu təsdiqləyir. Ona görə də baş konsulun ucuz özünü göstərmək gedişi "sabun köpüyün"dən fərqlənmir.
Azərbaycanla Ermənistan arasında sərhədlər tam müəyyənləşməyib. İran isə Ermənistanın sərhədyanı Qafan şəhərində Baş konsulluq açaraq Mürtəza Abedin Vəramini oraya başçı təyin edib. Təsadüfi deyil.
Çünki statusu hələ müəyyənləşməyən əraziyə elə Vəramin kimi alayarımçıq diplomat yaraşar.
"Report" İnformasiya Agentliyi
Seçilən
130
50
oxu.az

6Mənbələr