Hakimiyyətyönlü saytların yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyası bəyanat yayıb.
Bu barədə Müsavat Partiyasından "Arqument.az"a məlumat verilib.
Bildirilir ki, avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər.
Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub: "Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb".
"Qeyd edilməlidir ki, bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər. Lakin "Qafqazinfo” saytı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır", - deyə bəyanatda vurğulanıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib.
Müsavat Partiyası "Qafqazinfo” saytını və sözügedən yalan və böhtanları yayan digər hakimiyyətyönlü media irqanlarının təkzib dərc etmələrini və Müsavat Partiyasında üzr istəmələrini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir.