AZ

Hepatitin ən təhlükəli növləri hansılardır və əlamətləri nələrdir? - Həkimdən AÇIQLAMA

Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Bu xəstəlik əsasən viruslar tərəfindən törədilir. Lakin hepatitlərin yaranmasına başqa faktorlar da səbəb ola bilər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Yeni Klinikanın həkim-infeksionisti Səxavət Xəlilli deyib ki, digərləri ilə müqayisədə daha çox rast gəlinən A, B, C, D və E viruslarıdır.

 

Onun sözlərinə görə, bu virusların quruluşu, yoluxma yolu, xəstəlik törətmə qabiliyyəti, xəstəliklərin gedişatı, müalicəsi, həm də qorunma yolları bir-birindən fərqlidir:

 

“A və E hepatit virusları fekal oral yolla, yəni hansısa virusla çirklənmiş qidaların qəbulu və təmas nəticəsində meydana çıxır. B, C və D hepatit virusları isə daha çox parenteral yolla yayılır. Virusa yoluxmuş infeksiyalı alətlərin selikli qişaya toxunması və ya dəri tamlığının pozulması nəticəsində bədənə daxil olması, o cümlədən cinsi yolla və hamilə qadından uşağa vertikal yolla keçə bilir”.

 

Mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış B və C virus hepatitləridir:

 

“Bununla yanaşı, virusun A, D və E kimi tanınan növlərinə yoluxma hallarına da rast gəlinir. Hepatit A virusuna yoluxma halları epidemik şəkildə olur və digərlərindən fərqli olaraq bu virusun xroniki forması yoxdur. Hepatit A nadir hallarda qaraciyər çatışmazlığına və ölümə səbəb olur. Parenteral yoluxan hepatit virusuna risk qruplarına aid olan şəxslərdə daha çox rast gəlinə bilər. Hemodializ xəstələri, qan və ya qan məhsulları alan, ailə üzvlərində bu virusa yoluxmuş, venadaxili narkotik istifadə edən şəxslər və s. ola bilər”.

 

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Süleyman Kamilov isə bildirib ki, kəskin hepatit viruslarının simptomatikası eynidir:

 

“İlkin olaraq qripəbənzər ümumi halsızlıq, yorğunluq, iştahasızlıq, oynaq ağrıları, hərarət yüksəkliyi ilə özünü büruzə verir. Xəstəlik kəskin dövründə sarılıq, sidik rənginin tündləşməsi, nəcisin rəngində ağarma kimi hallarla özünü göstərə bilir. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə, bir insanda hepatit viruslarının bir neçə növünə rast gəlmək mümkündür. Hepatit B, C, D virusuna yoluxma yolları fərqli olduğuna görə, hepatit A virusuna da eyni zamanda yoluxmaq mümkündür. Bu səbəbdən xroniki hepatit virusu olan şəxslər Hepatit A əleyhinə peyvənd olunmalıdırlar. 

 

Virus hepatitləri arasında hepatit A və B virusuna qarşı profilaktik vasitə olaraq peyvəndlər var. Əgər peyvənd olunmamış şəxs xroniki olaraq hepatit B və C virusu daşıyırsa, hepatit A virusuna yoluxmaması üçün qrafik üzrə 2 doza peyvənd vurulmalıdır. Eyni zamanda ailə üzvlərindən kimdəsə xroniki hepatit virusu varsa, həmin şəxslərin şəxsi əşyalarının ayrı olması və Hepatit A və B əleyhinə peyvəndlənməsi tövsiyə olunur”.

 

Günay 

Seçilən
170
36
sfera.az

10Mənbələr