AZ

İnvestisiyaların təşviqi regionların inkişafına müsbət təsir göstərir – ŞƏRH

İstənilən dayanıqlı inkişaf regional tərəqqidən keçir. Məhz bu səbəbdən Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev dövlət başçısı seçiləndən sonra regionların inkişafını prioritet elan etdi. Ötən 20 ilin müqayisəli təhlilini apararkən regionların nə qədər dəyişdiyini, inkişaf etdiyini görərik.

Prezident İlham Əliyev hələ 2003-cü ildə çıxışlarının birində qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil:

Regionların

“Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Regionların inkişafı və regionda sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir”.

Ona görə də 2003-cü ildən başlayaraq bütün diqqət Azərbaycanda aparılan iqtisadi islahatlara, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Və bu istiqamətdə ilk addım “2004-2008-ci illər ərzində regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının qəbulu oldu. Bu proqram çərçivəsində Azərbaycanın regional inkişafının əsas istiqamətləri müəyyən olundu. Nəticədə, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişdi. İndi regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.

Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına davamlı olaraq həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Ötən dövr ərzində regionların inkişafı üzrə sayca 5 dövlət proqramı icra edilib.

Regionların

Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.

Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir. Azərbaycanda regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Lakin bununla bərabər Prezidentin sərəncamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb.

Yeri gəlmişkən qeyd edək ki, hələ 2003-cü ildə Prezident seçilən İlham Əliyev regionların inkişafı ilə məşğul olacağını, bunun üçün səylərini əsirgəməyəcəyini vəd etmişdi.

Bu vədini unutmayan Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərkən onu bir daha xatırladıb və bildirib ki, Azərbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə inkişaf edib:

“Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək. Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm”.

Verilən vədin unudulmamasının, regionlara göstərilən qayğının nəticəsidir ki, artıq bir çox şəhər və rayonlarımız özləri qazanc əldə edərək artıq öz “kisələrindən yeyirlər”. Başqa sözlə, bu gün bəzi şəhər və rayonlarımız dövlət büdcəsindən asılı deyil, öz gəlirləri ilə özlərini dolandıra bilirlər.

Hazırda ölkə üzrə 35 şəhər və rayon büdcədən maliyyələşmir. Ümumilikdə gələn il 39 şəhər və rayon dövlət büdcəsindən maliyyə vəsaiti almadan özünü yerli gəlirlər hesabına təmin edə biləcək.

 

Dövlət proqramlarının icra olunduğu 2004-2023-cü illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. İnvestisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması reallaşıb.

Regionlarda həmçinin iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır.

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının əsas uğurlu nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, 2004-cü ildən 2023-cu ilə ölkədə 2,3 milyon yeni iş yeri yaradılıb.

Regionların

Təbii ki, hazırda əsas diqqət işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramıdır. Beləcə, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur. Eyni zamanda, regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Demək olar ki, bir çox regionlara ixtisaslaşdırılmış şəkildə investisiyaların cəlb edilməsi artmaqdadır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir. İnvestisiyaların təşviqi mexanizminin uğurlu tətbiqi nəticəsində bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların hesabına ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

Postpandemiya dövründə regionların və iqtisadiyyatın inkişafına təkan verəcək addımlardan biri də yeni konsepsiyaların qəbuludur. Bura davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq, inkişafdan hər bir vətəndaşın bəhrələnə bilməsi, yüksək və ədalətli sosial təminat, paytaxt və regionların tarazlı inkişafı və digər məsələlər daxildir.

Natiq Səlim,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Seçilən
221
25
konkret.az

10Mənbələr