AZ

Gürcüstan: hakim partiya kilsəyə üz tutur

1990-cı illərin əvvəllərində Gürcüs­tanda pravoslavlığın və kilsənin dir­çəlişi başladı. Həmin çətin dövrlərdə din SSRİ-nin dağılmasından sonra yaranmış ideoloji boşluğu doldurur­du. Gürcü Pravoslav Kilsəsi ölkənin ən nüfuzlu və zəngin qurumuna çev­rilmişdi. Kilsə siyasi və ictimai hə­yatın bütün sahələrinə müdaxiləyə cəhd edir, lakin bəzi sahələrdə, xü­susilə vətəndaş cəmiyyəti tərəfindən müqavimətlə üzləşirdi. 

İstənilən halda Gürcü Pravoslav Kil­səsi ölkədə böyük nüfuz sahibidir. Hazırkı hakimiyyət onunla hesablaşmalı olur. Döv­lətlə kilsə arasında münasibətlər isə qarşı­lıqlı maraqlara əsaslanır – kilsə hökuməti dəstəkləyir və bunun müqabilində iqtisadi dividendlər gözləyir. Tanınmış ilahiyyatçı, Gürcü Tolerantlıq Mərkəzinin rəhbəri Beka Mindiaşvili deyir ki, müstəqillik illərində gürcü hökumətləri kilsənin siyasi cəhətdən möhkəmlənməsinə, sosial cəhətdən nüfuz­lu quruma çevrilməsinə töhfə verib. Bu səbəbdən istər yerli, istərsə də parlament seçkilərində iqtidar kilsədən dəstək göz­ləyir. Siyasətçilər üçün isə patriarxa yaxın olmaq, ikona və şamlar fonunda poza ver­mək seçicinin ürəyinə gedən ən qısa yol və uğurlu karyeranın təminatı sayılır.

İqtidardakı “Gürcü Arzusu–Demokra­tik Gürcüstan” partiyasının son addımları da buna hesablanıb. Gürcüstan hökuməti Gürcüstan Pravoslav Kilsəsinin rəhbər­liyinə ölkədə pravoslavlığın dövlət dini elan olunması təklifi ilə müraciət edib. Bu barədə çərşənbə günü yerli jurnalistlərə Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmə­tinin rəhbəri Andria Caqmaidze bildirib. O deyib ki, hazırda Patriarxlıq hökumətin bu təklifini müzakirə edir. 

Onun sözlərinə görə, son vaxtlar hö­kumət milli dəyərlərin və adət-ənənələrin qorunması xəttinə, sülh siyasətinə sadiqdir və kilsə üçün də çox işlər görür: “Haki­miyyət kilsənin rolunu və statusunu daha da gücləndirmək istəyir. Bizə təklif olu­nanları belə dəyərləndirmək olar: Kilsənin statusunu və onun ictimai həyatdakı rolunu gücləndirmək üçün nə etmək olar?”.

O, həmçinin təsdiqləyib ki, avqustun 26 və 29-da Gürcüstan Patriarxlığında yüksək rütbəli din xadimləri və qurumun nümayəndələrinin iştirakı ilə toplantı ke­çirilib. A. Caqmaidze sonra media mən­sublarına bildirib: “Birinci görüş kortəbii olub və yepiskopların hamısı orada iştirak etməyib. Bu səbəbdən də heç bir qərar qə­bul edilməyib. İkinci görüşdə isə yüksək rütbəli ruhanilərlə yanaşı hüquqşünaslar da iştirak ediblər. 4 saata yaxın davam edən məsləhətləşmələrdə də yekun nəticə əldə olunmayıb. Bu məsələ ilə bağlı mü­zakirələr davam edəcək, çünki biz Konsti­tusiyaya dəyişiklikdən danışırıq, dövlət bir daha bəyan edib ki, kilsənin razılığı olma­dan heç bir dəyişiklik olmayacaq”. 

Bundan əvvəl isə müxalifətdə olan “Formula” telekanalı hakim “Gürcü Ar­zusu – Demokratik Gürcüstan” partiyası­nın pravoslavlığı dövlət dini elan etməyi planlaşdırdığını bildirmişdi. Telekanalın məlumatına görə, bu, hakim partiyanın bir ay sonra rəsmən elan edəcəyini bildirdiyi “ənənəvi dəyərlərin qorunması sahəsində gizli təşəbbüsüdür”.

“Formula” qeyd edir ki, təşəbbüs “Gürcü arzusu–Demokratik Gürcüstan”­nın yaradıcısı, oliqarx Bidzina İvanişviliyə məxsusdur. “Gürcü arzusu”nun liderləri və İvanişvilinin özü son vaxtlar seçicilər­lə görüşlərdə davamlı olaraq deyirlər ki, partiya bir sıra məsələləri həll etmək üçün seçkilərdə konstitusiya çoxluğunu əldə et­məlidir. Görünür iqtidar partiyasının lide­ri Gürcü Pravoslav Kilsəsinin köməyi ilə parlamentdə çoxluğu qazanmaq istəyir. 

Amma kilsə rəhbərliyində Bidzina İvanişvilinin təklifi birmənalı qarşılanmır. Dmanisi arxiyepiskopu Zenon pravoslavlı­ğın dövlət dini elan edilməsini yanlış he­sab edir: “Belə bir addım əslində kilsənin hökumətə institusional tabeçiliyini nəzərdə tutur və bu, yanlışdır. Kilsənin dövlətdən müstəqil olması hökumətin özünün yarat­dığı mümkün böhranlar zamanı zəruridir, ona görə də pravoslavlığı dövlət dini elan etmək səhvdir”.

Axalkalaki və Qumburdo yepiskopu Nikoloz Paçuaşvili isə qeyd edib ki, pra­voslavlıq dövlət dini elan edilərsə, kilsə dövlətdən müstəqil ola bilməz. Onun fik­rincə, bu qərar “ölkəyə xeyir verməyəcək. Patriarx II İlyanın da bu təklifə “sıcaq” baxmadığı bildirilir. O hesab edir ki, indi bunun vaxtı deyil. Təklif hələ 2002-ci il­dən mövcud idi. O zaman Patriarx II İlya bu təklifə qarşı çıxmışdı, çünki onun fik­rincə, “bu lazım deyil və lazımi tarixi kon­tekst formalaşmayıb”. 

Patriarxlıq kilsəsinin dövlət dini elan ediləcəyi təqdirdə maliyyə və əmlak da daxil olmaqla, müstəqilliyini itirəcəyindən ehtiyatlanır. Həmçinin iyeparxiya rəhbər­lərinin təyin edilməsi məsələsində hö­kumət namizədləri təsdiqləmək hüququnu öz əlinə keçirə bilər. Hazırda hökumətin təklifini məqbul sayanlar da var. Onlar he­sab edirlər ki, kilsənin bu narahatlıqlarına baxmayaraq, qazanacaqları daha çox ola­caq. 

İqtidar partiyası Gürcü Pravoslav Kil­səsinin oktyabrın 26-da keçiriləcək par­lament seçkilərində dəstəyini almaq və çoxluğu qazanmaq üçün daha bir addım atıb. Bu, kilsəyə maliyyə dəstəyinin artı­rılmasıdır. Xatırladaq ki, hazırda dövlət və kilsə arasındakı münasibətlər konstitu­siya müqaviləsi– Konkordatla tənzimlənir. Müqavilə digər məsələlərlə yanaşı, kil­sənin mülkiyyət hüquqlarını da müəyyən edir. Kilsə hər il, təxminən, 30 milyon lari olmaqla dövlət büdcəsindən maliyyə alır. Bu il bu məbləğ artıb. 

Gürcüstanın Baş naziri İrakli Kobaxid­ze bildirib ki, ötən il hökumət Gürcü Pra­voslav Kilsəsinin təhsil layihələrini dəstək­ləmək üçün 2024-cü il dövlət büdcəsindən 30 milyon lari ayırıb, sonradan bu məbləğ daha 5 milyon lari artırılıb. Martın 15-də hökumət Patriarxlığa 35 milyon larinin ay­rılması barədə müvafiq fərman verib. Bu məbləğdən əlavə, Patriarxlıq dövlət büdcə­sindən illik 25 milyon lari məbləğində ma­liyyə vəsaiti də alır. Nəticədə, 2024-cü ildə Patriarxlığın ümumi maliyyəsi 60 milyon lari təşkil edəcək. 

Baş nazir bu məsələ ilə bağlı deyib: “Bu vəsait ötən il qəbul edilən büdcədə bu il üçün nəzərdə tutulub. Ona görə də bunun seçkilərlə heç bir əlaqəsi yoxdur. Bu yaxın­larda, seçkilərdən əvvəl verilən qərar de­yil. Patriarxlığın xüsusilə təhsil sahəsində öz layihələrini həyata keçirmək imkanının olması bizim üçün vacibdir”. 

Bundan əlavə, Patriarxlıq yerli, bələ­diyyə büdcələrindən, həmçinin prezidentin və baş nazirin ehtiyat fondlarından milyon­larla lari alır. Əhalidən gələn ianələr də var. 

Eyni zamanda, martın 12-də Gürcüs­tan hökuməti Ozurqeti və Çoxataura bələ­diyyələrində torpaq sahələrinin– hektarı simvolik qiymətə 1 lari olmaqla Gürcü Pravoslav Kilsəsinə verilməsi haqqında qərar verib. Dövlət reyestrinə görə, Patri­arxlıq bu gün ümumi sahəsi 62,7 kvadrat kilometr olan, demək olar ki, Batumi şəhə­rinin sahəsinə bərabər olan torpaq sahələ­rinə, həmçinin çoxsaylı tikililərə və digər daşınmaz əmlaka malikdir. Bütün bu pul qəbzləri, daşınar və daşınmaz əmlak və qanunla müəyyən edilmiş güzəştlər kilsəni Gürcüstanın ən zəngin təşkilatlarından bi­rinə çevirib.

Müxalifət isə hesab edir ki, ölkədə seçkilərin keçirildiyi və ya siyasi böhranın yarandığı hazırkı dönəmdə Patriarxlığa ay­rılan vəsait nəzərəçarpacaq dərəcədə artır. Bu, yuxarıda qeyd edilən postulatı bir daha sübut edir: dövlətlə kilsə arasında münasi­bətlər qarşılıqlı maraqlara əsaslanır. Kilsə hökuməti dəstəkləyir və bunun müqabilin­də ondan iqtisadi dividendlər gözləyir.

Yuxarıda qeyd etdiyimiz kimi, Gürcüs­tanda dövlət və kilsə arasında münasibətlər 2002-ci il oktyabrın 14-də rəsmiləşdirilmiş konstitusiya sazişi – Konkordatla tənzim­lənir. Konkordat kilsəyə qeyri-məhdud hüquqlar verir və onu digər dinlərdən üs­tün tutur. Patriarx həbsdən və cinayət mə­suliyyətindən immunitetə malikdir. Qanun nəinki başqa dini qurumların rəhbərlərinə, hətta prezidentə belə imtiyazlar vermir. 

Bu sənəddə dövlət həm də sovet döv­ründə kilsənin maddi və mənəvi ziyana uğradığını təsdiq edir və itkiləri ödəməyi öhdəsinə götürür. Məlumat üçün bildirək ki, gürcü kilsəsinə 47 yepiskopdan ibarət sinod rəhbərlik edir. Onlardan 41 nəfəri sahibkarlıq fəaliyyəti ilə məşğuldur, vergi və digər güzəştlərdən istifadə edir, xeyli əmlaka malikdir. Yəni kilsə hər cür dəstək alır.

P.S. Gürcüstanda dindarların əsas his­səsi pravoslav xristianlardır (84,9 faiz). Müsəlmanlar (10,9 faiz), erməni apostol kilsəsinin tərəfdarları (3 faiz), katoliklər (0,5 faiz) və digər dinlərin nümayəndələri (0,7 faiz) təşkil edir. 2024-cü ildə ölkədə­ki digər dini institutların maliyyələşməsi üçün dövlət büdcəsindən 6,5 milyon lari vəsait ayrılıb.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
145
50
xalqqazeti.az

10Mənbələr