ErmənistanIN Baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi onlayn mətbuat konfransında Bakıda təşkil olunacaq COP29 beynəlxalq iqlim forumundan da danışıb. O, forumda iştirakla bağlı hələlik qərar verməyib.
Maraqlıdır, Paşinyan Bakıya gələcəkmi? Bunun sülh prosesinə töhfəsi ola bilərmi?
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında qazaxıstanlı ekspert, jurnalist Amangeldi Kurmetuly bildirib ki, Paşinyan Bakıya gələcək:
"Məncə, Paşinyan Bakıya gələcək. Çünki COP29 konfransı Ermənistanla Azərbaycan arasında olan məsələ deyil. Bu konfrasda bütün dünyanı maraqlandıran problemlər müzakirə ediləcək. Yəni iqlim məsələləri masaya yatırılacaq. Dünyanın başqa dövlətlərinin də başçıları konfransa iştirak edəcəklər. Paşinyan dünya ictimaiyyətindən kənarda qalmamaq üçün Bakıya gələ bilər. Mənə görə, Paşinyan kifayət gözüaçıq siyasətçidir. O da yaxşı başa düşür ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasında razılığa gəlinərsə, elə Ermənistanın özü üçün faydalı şərait yaranacaq. Azərbaycanın dünyaya açılması üçün kifayət qədər qapıları var. Ermənistanın isə Azərbaycan ilə sülh müqaviləsi imzalamaqdan başqa bir çarəsi yoxdur".
Amangeldi Kurmetuly Azərbaycanla Ermənistan arasında sülh sazişinin bir-iki il ərzində xüsusi görüşdə imzalanacağına inandığını vurğulayıb:
"Sülh sazişinin imzalanıb-imzalanmayacağını demək hələ çətindir. Çünki Ermənistana təsiri olan ölkələr var. Fransanı misal çəkmək olar. Hətta Hindistan belə Ermənistana silah satır. İranın da bu məsələdə mövqeyi var. Qarabağı işğal etmək istəyən erməni milliyətçiləri də mövcuddurlar. Onların təzyiqi Paşinyana çox olacaq. Bütün bunlara görə Paşinyan Bakıda sülh müqaviləsi imzalaya bilməz. Amma bir-iki il ərzində Azərbaycanla Ermənistan özəl görüşmədə sülh sazişini imzalayacaq".