Bakı, TurkicWorld
Sentyabrın 14-də Almaniyanın Bonn şəhərində Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu tədbir Almaniyada yaşayan azərbaycanlı həkimlər və tibb tələbələri arasında peşəkar mübadilə və əlaqələrin qurulması üçün dəyərli imkan təqdim edir.
Forum tibb və səhiyyə sahəsində dialoq və əməkdaşlıq platforması rolunu oynayır və Azərbaycan ilə Almaniya arasındakı münasibətlərin gücləndirilməsinə töhfə verir.
Tədbirdə müxtəlif tibbi sahələrdə tanınmış 200-dən çox mütəxəssis iştirak edəcək, tibbin aktual mövzuları müzakirə ediləcək. Forum Almaniya və Azərbaycan səhiyyə sistemindəki ümumi problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün bir platforma olacaq.
Mütəxəssislərin bir çoxu, dəvət olunan həkimlər, rezident-həkimlər və tibb tələbələri kimi 15 il əvvəl Almaniyaya gəliblər. Onlar təqdim olunan yüksək keyfiyyətli təhsil və peşəkar imkanlardan yararlanaraq, uğurlu karyera qura biliblər. Hazırda onların bir çoxu öz sahələrində yüksək vəzifələrdə işləyir.
Forum keçən il Tibbi Elmlər Doktoru, GFO klinikasının Radiologiya, Neyroradiologiya və Nüvə Tibb şöbəsinin baş həkimi və Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayev tərəfindən yaradılıb. Hazırda forumun idarə heyətinin sədri Elvin Hüseynovdur. Tədbirdə, həmçinin, Azərbaycan hökumətinin nümayəndələri, o cümlədən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edəcək.
Hazırda Almaniyada 2 000-dən çox azərbaycanlı həkim fəaliyyət göstərir. Hər il Azərbaycan Tibb Universitetinin məzunlarının təxminən 60 faizi alman dilini öyrəndikdən sonra Almaniyaya köçməyi planlaşdırırlar.
Forumun məqsədi mövcud əlaqələri gücləndirmək və gələcək əməkdaşlıq üçün yol açmaqdır. Bu, azərbaycanlı həkimlərin alman səhiyyəsinə qatqısını qeyd etmək və onların Almaniya səhiyyə sisteminə uğurlu inteqrasiyasını vurğulamaq üçün unikal bir fürsət olacaq.
Birinci forum Köln şəhərində, ikincisi Berlində keçirilib, üçüncü forum isə Bonn şəhərində olacaq.